Güllələnən deputat Prezidentin İranla bağlı çıxışını DƏSTƏKLƏDİ
Mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev digər aktual mövzularla yanaşı, İranla münasibətlərdən də danışıb. Dövlət başçısı Azərbaycanın İran və Ermənistan arasındakı münasibətlərdən o qədər də razı olmadığını bildirib.
"Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi", - İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər aşağı səviyyədədir: "Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir".