Böyük Britaniyanın "Diplomat” jurnalının iyul-avqust buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri "Bakı-2015” Avropa Oyunları” adlı məqaləsi dərc olunub.
Müəllif yazır: "Baş nazirin ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Cənubi Qafqaz və Mərkəzi Asiyaya bir çox səfərlərim olub. Səfərlərimin əsas məqsədi daha çox peşə fəaliyyətimlə əlaqədar olub, xüsusilə Azərbaycana etdiyim səfərlər. Burada xarici ölkələr tərəfindən yatırılan bütün sərmayənin yarısı Böyük Britaniyaya məxsusdur.
2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə etdi. Beləliklə, adətən 5 ildən 7 ilə qədər vaxt tələb edən layihənin həyata keçirilməsi üçün cəmi iki il yarım vaxt qaldı. Təşkilatçıların bunun öhdəsindən çox qısa müddətdə uğurla gələ bilməsində, heç şübhəsiz, Britaniya təcrübəsindən effektiv faydalanmanın mühüm rolu var.
"Bakı-2015” yarışları üçün Azərbaycana gələn qonaqlar ilk növbədə britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş hava limanı terminalına üz tuturdu. Onlar "London keb” adlanan əfsanəvi taksilər vasitəsilə tezliklə Oyunların keçirildiyi arenalara və ya otellərə çatdırılırdılar. Bakının küçələrində yüzlərlə bu cür taksi işləyir.
Qonaqlar Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleqin də təşkilində xidmətləri olan açılış mərasimindən və Oyunlardan şübhəsiz ki, təsirləndilər. S.Kleq "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) rəhbər seçilməmişdən əvvəl London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən şəxs olub.
Son iki il yarım ərzində mən Avropa Oyunlarına hazırlıq işlərinin şəxsən şahidi oldum. Şəhərdə həyata keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 min şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Buraya yeni tikilmiş Gimnastika Mərkəzi, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 min tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir.
Əlli ölkədən gəlmiş 6 mindən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növündə "Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edilib. İdmançılar tam yeni inşa edilmiş Atletlər Kəndində yerləşdirilmişdi. Onların yeməkləri ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilirdi.
Biz açılış mərasimində digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığı, rəngarəngliyi və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Göstərilən tamaşada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng "nar” və onun içindən çıxan "dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü rəsmləri və Con Lennonun "Imagine” mahnısını ifa edən Ledi Qaqa var idi.
Son olaraq məşəli cüdo üzrə ikiqat Olimpiya çempionu, Ermənistanla müharibə zamanı yaralanaraq gözdən əlil olan İlham Zəkiyev daşıdı.
Açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirdi: "Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Serbiya və Kosovo, ermənistanlı və azərbaycanlı idmançılar bu Oyunlarda birlikdə yarışırdılar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şey”.
T.Bax çıxışına belə davam edib: "Açılış mərasimi həqiqətən çox əzəmətli idi, tarix, simvolizm və mədəniyyət elementləri ilə dolu idi. Mərasim və Avropa Oyunlarının tam şəkildə təşkili təşkilatçıların qısa müddət ərzində gördüyü möhtəşəm işi əks etdirirdi. Bu, böyük nailiyyətdir”.
Təbii ki, bizim hamımızın Qərb mətbuatının tənqidləri barədə məlumatımız var. Buna baxmayaraq qeyd etməliyəm ki, getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığının şahidi oldum, söhbət etdiyim bütün insanlardan xoş münasibət gördüm. Mən çox xoşbəxtəm ki, Britaniya təcrübəsi bu uğura öz töhfəsini verib. Bu ölkə beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır”.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: http://www.diplomatmagazine.com/issues/2015/july-august/989-the-baku-2015-games.html
AZƏRTAC