"Hekayəm var" dan danışdılar: "Bu, hələ yolun başlanğıcıdır..."


Bildiyimiz kimi aprelin 27-də Nizami Kino Mərkəzində "Hekayəm var" adlı ədəbi-bədii konsert ictimaiyyətə təqdim edilib.

Bununla bağlı Miq.az saytı konsertdə iştirak edən bir sıra qələm adamları arasında sorğu keçirtdi. Həmin təsuratları sizlərə təqdim edirik.

Arzu Murad (Yazıçı-jurnalist):

- Gənc həmkarlarımın "Hekayəm var" adı altında təqdim etdikləri "Stand up" şousu bir daha təsdiqlədi ki, beldən aşağı, şit, bayağı zarafatlarsız da güldürmək, əyləndirmək mümkündür. Gülüşün fonunda paralel olaraq, həm də onları düşündürmək və maarifləndirmək funksiyası işə salınmışdı. Biletlərin hamısının satılması, zalın dolması və əlavə tamaşaçıların da gəlmək istəməsi gənclərin uğur göstəricisinin birinci mərhələsi idi, növbəti mərhələdə artıq tamaşaçıların əl çalması, gülüşü dostlarıma həm stimul oldu, həm də zəhmətlərinin bəhrəsini görmüş oldular. Təbii ki, bu, hələ yolun başlanğıcıdır, məqsəd və istiqamət ən önəmlisidir ki, zatən iştirakçılarda bu var idi. Uğurlarının nə dərəcədə davamlı olmasını isə artıq zaman göstərəcək. Dostlarıma sadəcə əzmlə çalışmağı tövsiyyə edirəm və arzu edirəm ki, uğurları tükənməz olsun.

"Hekayəm var"da yaşatdıqları qürur hissini bizə hər addımlarıyla yaşatsınlar...

Seyran İsmayıl (AYB-nin üzvü, şair):

- Onu deyə bilərəm ki, ümumən çox gözəl hazırlamışdılar. Xüsusən də mənim bəyəndiyim məqamlar Cavidan Fatihi  (Nəsiminin qəzəlini ifa etməsi və parodiyası) və  Rauf Məmmədzadənin çıxışı oldu.

Bütün bunlarla bərabər bir  nüansı da diqqətə çatdırım ki, bəzi çıxışlarda məişətə enmə də var idi. Gələcəkdə bu məqamlara diqqət yetirilsə daha gözəl olar. Bu baxımdan sonrakı layihələrdə çıxışları daha da təkminləşdirməyi önəmli hesab edirəm.

Hər kəsə uğurlar!

Emil Rasimoğlu (Prezident təqaüdçüsü, AYB-nin üzvü, şair):

- Öncə onu deyim ki, ümumilikdə konsert olduqca kreativ və dinamik şəkildə hazırlanmışdı. Bu baxımdan da nəticə uğurlu idi...Çıxış edən şəxslərdə tamaşaçı ilə birbaşa ünsiyyətə girmək  müşahidə olunurdu. Gülüş (eləcə də məntiq) oxunan hekayələrin içindən doğurdu. Yəni tamaşaçını güldürmək ən çox hekayənin gücü idi (təbii ki, çıxışçıdan tələb olunan müəyyən amillərlə birgə), onu söyləyənin yox. Məhz mənə görə də ən böyük uğur burada idi...Biri var hekayəni söyləyən hekayədən əlavə (güldürmək naminə) nələrsə (mətləbdən kənar hərəkətlər) edib tamaşaçını güldürə, biri də var hekayəni söyləyən yalnız öz hekayəsini tələb olunan intonasiyayla, jestlərlə söyləyə və hekayə ilə tamaşaçını başbaşa buraxa. Bax, sözügedən səhnədə tamaşaçının hekayə ilə başbaşa qalması var idi.

Yeri gəlmişkən Elvin Paşanın, Cavidan Fatihi və Kamran Kubinkanın çıxışlarını xüsusi vurğulamaq istəyirəm. Çünki həmin çıxışların birində gülüşün tamlığı, birində Nəsimi ruhu, ovqatı (bu  arada Nəsiminin qəzəlinin yer aldığı mahnının ifası möhtəşəm idi), digərində isə qüsurlu insanların cəmiyyətə adaptasiyası var idi.

Sonda əməyi keçən hər kəsi alqışlayır, kollektivə sonrakı fəaliyyətində uğurlar diləyirəm!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az