Hər şey bahalaşıb-Dövlət Statistika Komitəsi

Hər şey bahalaşıb-Dövlət Statistika Komitəsi

Dövlət Statistika Komitəsi qiymətlərin 16 faiz qalxdığını etiraf edir

Miq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri keçən ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb. Bu ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz bahalaşıb. Ay ərzində düyü, un, çörək, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, limon, banan, üzüm, kələm, göyərti, pomidor, xiyar, badımcan, bibər, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, tütün məmulatlarının qiymətlərində bahalaşma, alma, balqabaq, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor, telefon və fotoaparatlar, kompyuterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları, respublikadan kənara istirahət turları, mənzillərin icarə haqları, paltarların təmizlənməsi və təmiri xidmətləri, ayaqqabılar, məişət cihazları, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri, stomatoloji xidmətlər, bərbərxana və kosmetik xidmətlər, ev və məişət xidmətlərinin qiymətləri bahalaşıb. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az