Hərbi ekspert: “Qarabağ Azərbaycana hələ uzun illər qaytarılmayacaq”

Hərbi ekspert: “Qarabağ Azərbaycana hələ uzun illər qaytarılmayacaq”
Hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın nəqliyyat komandanı general Darren Mak Dyunun Qarabağla bağlı Bakıda səsləndirdiyi fikirlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki, general bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mürəkkəb bir münaqişədir və onun həlli asan olmayacaq. Hərbi ekspert isə genarala cavab olaraq bildirib ki, ATƏT-in Minsk qrupu üzvü olan dövlətlər – ABŞ, Rusiya və Fransa, həmçinin bu qurumun bütün işlərini özünəməxsus şəkildə koordinasiya edən polşalı agent-diplomat Anjey Kaspşik sırf Ermənistanın, işğalçının mövqeyini müdafiə edirlər.

"Son vaxtlar isə 20 ildən artıq Qarabağın zor gücünə Azərbaycandan qoparılması istiqamətində bizə qarşı hazırlanan çox hiyləgər, çox riyakar planın bəzi konturları yavaş-yavaş açılmağa, bu və ya digər siyasətçi, ya hərbçilərin dili ilə bizi Qarabağla bağlı gözləyən çox pis nəticə ilə barışmağa hazırlaşmağa başlayıblar. Elə Azərbaycan prezidentinin də Nazirlər Kabinetinin sonuncu iclasında xarici diplomatların, ölkələrin bağlı qapılar arxasında danışıqlar zamanı Azərbaycanı erməni separatçıları tanımağa, onlarla əməkdaşlıq etməyə çağırışlar etməsi ilə bağlı səsləndirdiyi fikirlər də çox böyük narahatçılığın olmasından xəbər verir.
 

ABŞ, Rusiya, Fransa bu münaqişənin həlli yolunda ATƏT-in Minsk Qrupunun heç bir əməli, konkret iş görmədiyi halda onu tam dəstəkləməsini davamlı şəkildə bəyan etməsi, çox böyük müəmma və xain niyyətlərinin olmasını göstərir. Görün bu adamlar özlərini necə axmaq yerinə qoyublar ki, üstündən 20 il keçib, hələ indi hansısa mücərrad və mənasız gələcək işlərdən danışırlar. Amerikalı general D.Makdyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibət bildirərkən deyir ki, "münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək”(?!).
Bunlar bir dəfə də olsun işğalçı Ermənistanı nə adı ilə çağırmağa cürətləri çatıb, nə də ona hər hansı təsir göstərməyi bacarmayıblar. Bütün bunların fonunda bu cənablardan soruşmaq lazımdır ki, siz hansı üzlə hələ özünüzü belə ağıllı və bacarıqlı göstərməyə çalışırsınız? Məhz sizlərin ikibaşlı və hiyləgər siyasətiniz nəticəsində 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistan və havadarları olan sizlər, Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Və 20 ildən artıqdır ki, siz boşboğazlıqla, hiyləgərliklə günü-günə, ayı-aya, illəri də illərə calayaraq öz məkrli missiyanızı uğurla davam etdirisiniz. Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri zərrə qədər də olsun yerinə yetirilməyib.
Bir daha təkrar edirəm ki, mənə elə gəlir ki, böyük dövlətlər tədricən Qarabağın Azərbaycandan qoparılması, sonrakı mərhələlərdə isə daha bir qondarma erməni dövlətinin elan olunması üçün hərəkətə başlıyıblar. İnanın səmimiyyətimə ki, mən çox narahatam. Rusiya, Amerika, Fransa bizi ustalıqla aldadırlar. Qarabağ belə gedişlə Azərbaycana hələ uzun illər qaytarılmayacaq. Başımıza əlac qılmalıyıq”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az