“Həsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

“Həsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” adlı kitabının təqdimat mərasimi keçirilib. AZADİNFORM xəbər verir ki, təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyeva, Millət vəkili Jalə Əliyeva, kitabın müəllifi Eldəniz Həsənov, ziyalılar və media nümayəndələri iştirak edib. 

Tədbiri ilk öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq kitab haqqında məlumat verib. Ə.Amaşov qeyd edib ki, hər bir xalqın həyatında azsaylı insanlar var ki, o xalqın xalq kimi inkişafında mühüm rol oynayıb: “Əgər biz 19-cu əsrin kiçik bir zaman kəsiyini götürsək M.F.Axundov, Həsən bəy Zərdabi, Cavad xan, Topçubaşov bu kimi insanlar Azərbaycan xalqının xalq kim inkişafında mühüm rol oynayan insanlardır. Azərbaycan tarixinin formalaşmasında, inkişafında nə qədər Bakıxanovun inkişafı varsa, Azərbaycanın siyasi məfkurəsinin inkişafında Həsən bəy Zərdabinin məhz o qədər rolu var. H.Zərdabi Azərbaycanın siyasi intibahının banisidir. Bu kitab da Həsən bəy Zərdabiyə həsr olunub. Həsən bəy Zərdabi bizim üçün kimdir? 1875-ci ildə “Əkinçi” qəzetini yaratmaqla, 2 il onu çap etməklə Azərbaycanda xalqın mənliyi, mövcudluğu, özünüdərkliyi ilə bağlı böyük bir rol oynadı”. 

Daha sonra “Həsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” adlı kitabının müəllifi Eldəniz Həsənov çıxış edərək kitabın ərsəyə gəldiyi yollar haqqında danışıb. O, bildirib ki, adı çəkilən kitabı Həsən bəy Zərdabinin 170 illiyinə həsr edib: “Müəyyən səbəblərlə bağlı Həsən bəy Zərdabinin heç bir zaman yubileyi keçirilməyib. Kitabın redaktorlarından biri olan millət vəkili Jalə Əliyeva bu məsələni Milli Məclisdə gündəmə gətirib və şəxsən Prezident İlham Əliyevə müraciət edib. Prezident İlham Əliyev Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb”.

Kitabın müəllifi daha sonra kitabın ərsəyə gəlməsində rolu olan hər bir kəsə minnətdarlığını bildirib. 

Daha sonra isə Milli Televiziya və Radio Şurasının üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyeva çıxış edərək vurğulayıb ki, burada bu qədər insanları toplanmasından aydın olur ki, sözün əsl mənasında Zərdabi hər birimizin doğmasıdır: “Mən kitabın müəllifindən də çox həyəcanlıyam. İçimdə Həsən bəy Zərdabinin övladı kimi həyəcan var. İnanıram ki, bizim hər birimizin qəlbində ona böyük məhəbbət yer aldığı üçün bura toplaşmışıq. Zərdabi Azərbaycan maarifçilərinin mətbuat qolunu inkişaf etdirən, Azərbaycan təhsilini sözün əsl mənasında böyük maarifçi kimi inkişaf etdirən, tarixdə müəyyən sahələrdə ilk olaraq imzasını atan böyük bir şəxsiyyətdir. İlk xeyriyyə cəmiyyəti, ilk qəzet yaradan, ilk məktəb açan Həsən bəy Zərdabi olub. Bu böyük insanın hər sahədə ilklərə imza atması, ilk Moskvada təhsil alan torpaqşünas alim, ilk dəmiryolunun elmi şəkildə izahının necə çəkilməsini verən məhz Həsən bəy Zərdabi olub. Bax, bu mənada Zərdabi böyük şəxsiyyətdir. Zərdabinin böyük şəxsiyyət olması təkcə bunun ilklərə imza atması ilə bitmir, içində daşıdığı millətinə böyük məhəbbətlə ölçülür. Deyə bilərəm ki, Qız məktəbinin açılmasında Həsən bəy Zərdabinin böyük rolu var. O, H.Z.Tağıyev ilə dost olub. H.Z.Tağıyev Zərdabini özünün məsləkdaşı, ideya verəni kimi qəbul etdiyi üçün onun verdiyi məsləhətlərə də əməl edirdi. Belə bir insanın irsini tədqiq etmək, onun ailə şəcərəsini araşdırmaq bizə lazım olan məsələlərdəndir”.

Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva Həsən bəy Zərdabinin yaradıcılığı, mətbuatda gördüyü işlər barədə məlumat verib. J.Əliyeva kitabın ərsəyə gəlməsində görülən işlərdən danışıb. Millət vəkili qeyd edib ki, kitabın ərsəyə gəlməsində Eldəniz Həsənovun çox böyük rəğbəti mövcuddur”. 

Sonda isə bir sıra ziyalılar Həsən bəy Zərdabi haqqında öz fikirlərini bildiriblər, kitab haqqında öz düşüncələrini bölüşüblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az