Bakıda keçirilən I Avropa Oyunları tam sürəti ilə davam edir
Keçən təhlillərimizdə bu oyunlar ətrafında gedən prosseslər, beynəlxalq ajiotaj, əks-təbliğat və Oyunlara kölgə salmaq istəyən düşmən qüvvələrin kampaniyası barədə ətraflı bəhs etmişik. Qərbin aparıcı media orqanlarının köməyi ilə həyata keçirilən bu qarayaxma kampaniyasının iflasa uğradığı, Oyunların açılışından sonra bir daha hər kəsə bəlli oldu. Çirkin, xəbis qüvvələrin alçaq kampaniyasının qısqanclıqdan qaynaqlandığı bir daha ortaya çıxdı.
Möhtəşəm bir şou, Azərbaycan mədəniyyətinin nümayişi ilə, milli musiqimizin sədaları altında, tariximizin, ədəbiyyatımızın səhnə miniatürləri ilə təsvirini özündə əks etdirən səhnə ilə açılışı bütün dünyanı heyrətə salan I Avropa Oyunları insanlığın idman tarixi ilə yanaşı, həm də mədəniyyət tarixinə birdəfəlik həkk olundu. Hələ də gördükləri səhnənin ecazından ayılmamış xarici qonaqlar təəssüratlarını bölüşərkən fikirlərini heyrətlər içərisində ifadə edirdilər.
I Avropa Oyunları və ölkəmizə qarşı aparılan çirkin kampaniya bəzi insanlarda ölkəmiz haqqında mənfi fikir formalaşdırmışdısa da, açılış mərasimindən sonra Azərbaycan haqqındakı bütün yanlış təsəvvürlər alt-üst oldu.
Bir çox dünya liderlərinin, tanınmış siyasətçi və dövlət xadimlərinin Azərbaycan prezidenti İlham Əliyevin şəxsi qonağı kimi Oyunları Bakı Olimpiya stadionunda canlı izləməsi, açılış mərasiminin əksər dünya televiziyaları ilə canlı yayımlanması, bu tədbiri dünya gündəminin bir nömrəli xəbəri halına gətirdi.
Açılış tam rəngarəngliyi və möhtəşəmliyi ilə baş tutdu. Açılışdan sonra Avropanın 50 ölkəsindən olan idmançılar Azərbaycandakı müxtəlif idman arenalarında yarışlara başladılar.
Avropanın I Avropa Oyunlarını "boykot etmiş” bəzi dövlət və hökumət başçılarının iştirak etməməsi isə bu hadisəyə zərrə qədər olsa belə, kölgə salmadı. Yarışların gedişi, dünya mediası tərəfindən geniş işıqlandırılması, bütün iştirakçı dövlətlərin mətbuatının diqqətini Bakıya yönəltməsi, əks effekt verərək, bədxahlarımızın "canfəşanlıqlarını" kölgədə qoydu.
I Avropa Oyunlarını boykota çağıran avropalı siyasətçilərin özləri belə, bu tədbirin təmtərağı qarşısında çaşqına döndülər. Öz ölkələrinin mediasının gündəmini zəbt etmiş I Avropa Oyunlarını boykot etmələri isə onların özlərinin ziyanına işləyərək, elə öz cəmiyyətlərinin qarşısında özləri haqqında mənfi imic formalaşdırdı. Almaniya, Fransa, Britaniya, Skandinaviya və digər Avropa ölkələrindən Azərbaycana gəlmiş idmançı və azarkeşlər təəssüratlarını bölüşərkən ölkəmizdə gördüklərindən valeh olduqlarını dilə gətirərək qara qüvvələrin çirkin kampaniyasını bir daha iflasa uğratdılar.
Yuxarıda adını sadaladığımız ölkərin rəhbərlərinin Oyunları "boykot etmələri” ilə vətəndaşlarının ölkəmizdə gördükləri, siyasətçilərinin nə qədər qərəzli olduqlarını həm də öz ictimaiyyətlərinə göstərdi. Çünki Oyunlardan əvvəl rəsmi kanallarından Azərbaycan haqqında neqativ informasiyalar eşidən avropalılar, Azərbaycanda bunun tam tərsini gördükdən sonra onlarda öz media orqanlarına da inamsızlıq yaradacaq. Eşitdiklərinin əksini gördüklərinə görə, onların vətənlərinə döndükdən sonra həqiqəti söyləməsi ölkəmizin ən gözəl təbliğidir. Və heç bir şübhə yoxdur ki, gələcək illərdə Azərbaycan bu nəhəng tədbirin bəhrəsini mütləq görəcək.
P.S. Apardığımız qısa təhlildən də göründüyü kimi, nəyin bahasına olursa olsun, I Avropa Oyunlarının ölkəmizdə baş tutmaması üçün dəridən-qabıqdan çıxan ermənipərəst dairələrin bütün qara niyyətli kampaniyaları, onların özlərini dünya ictimaiyyətinin gözündən saldı və Oyunları "boykot” kampaniyası onların özlərini "özünüboykot"a gətirib çıxardı. Avropanın əksər siyasi analiz mərkəzlərinin qənaətinə görə, Bakıda keçirilən I Avropa Oyunlarını "boykot” etmiş siyasətçilərin seçkilərdəki səslərində ciddi azalmanın müşahidə ediləcəyi gözlənilir. Çünki Avropa ictimaiyyətinin belə məsələlərdə böyük həssaslıq göstərdiyi və liderlərin qəbul etdikləri qərəzli qərarlara seçkilərdə münasibət bildirdiyi hamıya bəllidir.
Beləliklə, I Avropa Oyunlarını boykot etmiş siyasətçilər ən ağır bədəli seçkilərdə ödəməli olacaqlar.