İcra başçısının köməkçisi niyə intihar etdi? - MÜƏMMA
Bir müddət öncə Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etməsi ilə bağlı xəbərlər yayılmışdı.
Xəbərdə bildirilirdi ki, iki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun özünü niyə asdığı məlum deyil.
İlkin Ağayev adlı "Facebook" istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dəfn olunub, lakin bu barədə heç bir məlumat yayılmayıb.
İntihar edən icra başçısının köməkçisi Masallı rayonunun Kolatan kəndindəndir.
Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib etmişdi.
Q.Hadıyev bildirmişdi ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib”.
Olayla bağlı Arqument.Az-a ilginc məlumatlar daxil olub. Həmin məlumatları dəqiqləşdirməyə çalışırıq. Amma maraqlı odur ki, hadisənin səbəbləri RİH tərəfindən gizlədilir. Mənbə deyir ki, Rafil Hüseynov intihar olayının səbəblərinin üzə çıxmaması ilə bağlı hüquq-mühafizə orqanlarına qəti tapşırıq verib.
Mövzunu diqqətdə saxlayacağıq.