İdman və idmançılarımız nazirlərin PR-ına çevrilib

İdman və idmançılarımız nazirlərin PR-ına çevrilib

Buna görə də uduza-uduza gedirik...

XXX London Yay Olimpiya Oyunlarına yola çıxan 53 nəfər idmançımız ardı-arda uduzaraq geri dönürlər. İndi yerli mətbuatın, siyası kluarların, ictimaiyyətin əsas müzakirə mövzusu idmançılarımızın uğursuz çıxışlarıyla bağlıdır. Bu müzakirələr, ittihamlar daha çox idmançılar üzərində qurulub. Mövzu ətrafında müxtəlif baxışlar, nöqteyi-nəzərlər, suallar formalaşıb. Əgər dövlət səviyyəsində idmana bu qədər “qayğı”, idmançılarımıza yaxşı şərait yaradılıbsa, nə üçün bu ilki olimpiadada uğursuzluq bizi haqlayıb. 

Əslində ittihamların idmançılar üzərində qurulmasının o qədər də tərəfdarı deyiləm. Elə həmin idmançılar sual edə bilər ki, nə üçün digər yarışlarda, olimpiadada uğur qazananda, bayrağımızı yüksəyə qaldıranda sevinir, amma uduzanda bizi ittiham edirsiniz?

Ümumiyyətlə, idmançı arenaya çıxanda ilk növbədə peşəkar olub qalıb gəlməli, Vətəni, bayrağı, şəxsiyyətini, mənəviyyatını düşünməlidir. Madiyyat sonrakı sırada qərar tutmalıdır. Düzdür, bizim idmançılarda vətənpərvərlik hissi var. Sadəcə səhv siyasət yürütmüşük, idmançılar hesab edir ki, hər şey pulla ölçülməlidir.

Düzdür, bayrağımızı qaldıran, qələbə qazanan idmançılarımız fəxri adlarla, ev, bağ, avtomobil, ticarət obyektləri, hüquq-mühafizə və gömrük orqanlarında işlə təmin olunurlar. Əksər idmançılarımız məhz bu düşüncəylə yarışlara can atır. Onların bu addımı şou-biznes nümayəndələrinin addımıyla üst-üstə düşür: evim olsun, maşınım olsun, işim olsun, növbəti yarışlara Allah kərimdir. Əslində idmançılarımızı qınamaq da düzgün deyil. Çünki cəmiyyətdə idmançılar üçün başqa stimul yoxdur. Azərbaycan cəmiyyətində əsas dəyərlər madiyyatdır, mənəvi dəyərlər çoxdan məhv olub. Bu ölkədə hər şey siyasiləşib, maddiləşib. 

Siyasiləşmiş idmanımızın idmançıları düşünür ki, yarışlarda qələbə qazananlara dövlət tərəfindən ev, maşın pul hədiyyə edilirsə, fəxri adlarla təltif olunurlarsa, onlar sadəcə iqtidaryönümlü mətbuatla təmasda olmalıdır. Müxalifət mətbuatında görünməsi isə onlara baha başa gələ bilər, beynəlxalq yarışlara buraxılmaz, yaşaması üçün imkan yaradılmaz...

Düşünürəm ki, digər idman yarışları kimi olimpiadanı siyasətə çevirmək düzgün deyil. Nəzərə alsaq ki, idman federasiyalarının başında korrupsioner nazirlər dayanır və nazirlərə görə, idmançılar onların reklam PR olmalıdır. Əslində isə idman nazirlərin PR-ına çevrilməməlidir. Eyni zamanda legionerlərdən imtina etmək lazımdır. Dəvət olunan legionerlər külli miqdarda vəsait qazanır, komfort şəraitlə təmin edilir, nəticədə heç bir iş ortaya qoya bilmirlər. 

...Bəs nə etməli? Dövlət səviyyəsində idmana münasibət dəyişməli, federasiyalar nazirlərin kurasiyasına verilməməlidir. Bu iş peşəkarlara həvalə edilməli, onlar cəlb olunmalıdır. Başqa yol yoxdur. Həmçinin düşüncə tərzi dəyişməlidr: “Mənim titulum var, bu yarışa mən getməliyəm”, “mən filankəsin adamıyam və külli miqdarda pul verib mənim yarışa qatılmağım üçün lissenziya alacaq”  kimi yanaşmalardan uzaq olmağın zamanı çoxdan çatıb.  Yarışlarda qələbəylə Vətənə dönən idmançılar lazımı qayğı, şəraitlə, maddi vəsaitlə təmin olunduqdan sonra idmanı, idmanla müntəzəm məşğul olmağı arxa plana keçirir. Şəxsi biznesinə zaman ayırır, hüquq-mühafizə, gömrük orqanlarında işə girməyə can atır, növbəti yarışa güçü qalmasa da nəyinsə naminə, kimlərinsə hesabına yenidən yarışlara qatılır. Azərbaycan idmançılarından fərqli olaraq başqa ölkə idmançıları qələbə qazanan kimi DİN, DYP, Gömrük idarələrində çalışmırlar. Belə olsaydı amerikalı üzgüçü Maykl Felips Londonda 19-cu medalını almaqla olimpiadanın bütün tarixində mükafat qazanmaqla rekordunu təzələməzdi...

...Yazılarımın birində qeyd etmişdim: bölgələrdə tikilən Olimpiya İdman Komplekslərinin qapıları idmanla məşğul olmaq istəyənlərin üzünə bağlıdır. Rəhbərliyin düşüncəsinə görə ora daxil olanlar idman alətlərini qıra, sındıra bilərlər. Burada kompleksin rəhbəri, katibə, bilgisayar yığıcısı və mühafizəçidən başqa kimsəni tapmaq mümkün deyil. 

P.S. Bilmirəm, yeri varmı? Azərbaycan “İnter”futbol klubunda oynayan fransalı legioner idmançı şikayətlənirdi ki onu məşqçi futbol yarışlarına buraxmır. Hər dəfə bəhanə edir, amma oynamağı bacarmayan artıq çəkili yerli futbolçumuzu meydana buraxar, çünki o futbolçunun arxasında dayısı varmış və tapşırıb ki bizim uşağı bütün oyunlara buraxsın, oynaya bilməsə belə. Deyirdi ki, bizim kimi peşəkar futbolçuları ölkənizə dəvət edir, yüksək qonarar verir, amma mühüm yarışlara oynaya bilməyənləri, day-dayları olanları, tapşırılanları meydana buraxırlar, məhz buna görə sizin futbolunuz bu gündədir. Fransalı futbolçu digər futbol klublarına transfer olunmaq üçün kömək məqsədilə məndən xahiş də etmişdi. “Bakı” futbol klubunun rəhbərliyində çalışan dostlarıma onun xahişini çatdırsam da, artqı gec idi, fransalı futbolçu Avropa klublarının birinə yüksək qonararla dəvət olunaraq ölkəmizi tərk etdi...

Laçın Səmla



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az