Dərman milyonları kimin cibinə axır?
"Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi.
Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil
edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük
pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir
neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə
özbaşınalıq və anarxiya hökm sürürdü”.
Prezident İlham Əliyev bu iradı 2015-ci il aprel ayında Nazirlər Kabinetində keçirdiyi iclas zamanı bildirmişdi.
Həmin iclasdan 3 ay keçməsinə baxmayaraq nə Səhiyyə Nazirliyi, nə
İqtisadiyyat və Sənaye Nazirliyi, nə də digər aidiyyatı qurumlar
dərmanların qiyməti ilə bağlı tədbir görməyib.

Prezidentin rəhbərliyi ilə bu ilin aprel ayında Nazirlər Kabinetində keçirilən iclası
İlham
Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında dərmanların qiyməti ilə bağlı yenidən irad
tutması bunu deməyə əsas verir. Prezident son iclasda bir daha bəyan
etdi ki, dərmanların qiyməti ilə bağlı çox böyük ədalətsizliklər hökm
sürür:
"Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu.
Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Bazarın
hər şeyi tənzimlədiyi hesab edilirdi. Lakin sonra məsələni dərindən
təhlil edilərkən görünüb ki, burada çox böyük ədalətsizliklər var.
Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə
Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır”.
Məlum olduğu kimi, prezident bu məsələyə yenidən toxundu və göstəriş
verdi ki, dərmanların qiyməti yüksəkdir, keyfiyyətində də problemlər var
və bu məsələlər öz həllini tapmalıdır. Ancaq təəssüflər olsun ki, bu
məsələ hələ də gündəmdə qalır.
Bəs, bunun səbəbi və ya səbəbləri nədir?
Kütləvi İnformasiya vasitələrində yer alan xəbərlərə görə, Azərbaycanda
hazırda dərman bazarında 4 şirkət hökmranlıq edir və onların illik
gəliri 460 milyon manata yaxındır. Azərbaycanda dərman qiymətlərinin
baha olmasına səbəb isə inhisarçılığın mövcudluğu qeyd olunur.
Yeri gəlmişkən qeyd edək ki, bu il iyunun 15-də bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən
"Riyad-Farm”
MMC-in prezidenti Həsən Şərifov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinə çağırılıb və həbs olunmuşdu.
2014-cü ildə Milli Məclisin son iclasında "Dərman vasitələri haqqında”
qanuna dəyişikliklər zamanı millət vəkili Vahid Əhmədov maraqlı bir fakt
açıqlamışdı. Millət vəkili bildirmişdi ki, şəhərin bir yerindən 12
manata aldığı dərmanı başqa bir yerdə ona 24 manata təklif ediblər:
"Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət,
həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır.
Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar”.

Millət vəkili Vahid Əhmədov
Yuxarıda qeyd olunanlardan da aydın görünür ki, dərman qiymətləri sahəsində ziddiyətli məqamlar çoxdur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da ANS PRESS-ə bildirib
ki, Azərbaycanda dərmanların qiymətinin baha olmasının ən əsas səbəbi bu
sahədə monopoliyanın hökm sürməsidir.
"Azərbaycana dərmanlar əsasən 3-cü ölkələrdən gətirilir. Məsələn,
Tayland, Hindistan, Çin, Honkonq kimi ölkələr öndə gəlir. Amma dərmanlar
birbaşa bu ölkələrdən gətirilmir. Hazırlanacaq dərmanlar toz halında
Türkiyəyə gətirilir və burada hazırlanıb qablaşdırılır. Belə olan halda
işçi qüvvəsi ucuz başa gəlir. Bəs onda Azərbaycanda dərmanların qiyməti
niyə bahadır? Çünki bu sahədə inhisarçılıq var və rəqabət olmadığından
bu sahəni monopoliyada saxlayanlar qiymətləri qaldırır".

Tibb elmləri doktoru, professor Adil Qeybulla
A.Qeybullanın sözlərinə görə, dərmanların qiymətinin baha olmasının
digər səbəblərindən biri kommerasiya firmalarına qoyulan gömrük
rüsumları ilə bağlıdır: "Bu rüsumlar kifayət qədər yüksəkdir. Dərman
maddələrinə gömrük rüsumları da müəyyən həddə olmalıdır. İndi isə
rüsumlar az deyil”.
A.Qeybulla bildirdi ki, dərman maddələrinin qiymətlərində bahalığın müşahidə olunmasında manatın devalvasiyasının da təsiri var.
"Bu, dərman bazarında olan xaotik durumla da bağlıdır. Əlbəttə manatın
devalvasiyasından sui-istifadə halları oldu. Dərman maddələrinin qiyməti
süni şəkildə artırıldı. Nəticədə isə dövlət buna müdaxilə etməyə məcbur
oldu. Bu isə bazar iqtisadiyyatının qanunlarına ziddir. Bazar
şəraitində dövlətin qiymət tənzimləməsi düzgün deyil. Amma hesab edirəm
ki, bu müvəqqəti addımdır.
Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olmayan dərmanların
ölkəyə idxalına ümumiyyətlə qadağa qoyulması məsləhətdir. Eyni kimyəvi
tərkibli müxtəlif dərman maddələrinin idxalı məhdudlaşdırılmalıdır.
Bunlar həyata keçirilsə, dərmanların qiymətini nizamlamaq daha asan
olacaq”.
Professor bildirdi ki, ilkin mərhələdə idxal olunan dərmanların xammalı
xaricdən alınaraq Azərbaycanda qablaşdırılması və müxtəlif prosedurları
həyata keçirilə bilər. Bu isə Azərbaycanda dərmanların qiymətlərinin
dəfələrlə ucuzlaşmasına səbəb olacaq: "Avropada dərman istehsalında
çalışan şəxslər yüksək əmək haqqı alırlar. Onların aldığı maaş da
dərmanın qiymətinə təsir edir. Lakin dərmanların qablaşdırılması,
təmizlənməsi və son mərhələyə qədər prosedurların Azərbaycanda həyata
keçirilməsi həmin dərmanın beynəlxalq qiymətindən dəfələrlə
ucuzlaşmasına gətirib çıxaracaq”.
Bildiyiniz kimi Azərbaycanda dərman istehsalı ilə "Azərfarm” müəssisəsi
məşğul olur. Qurumla əlaqə saxladıq. Bildirdilər ki, bu barədə heç bir
məlumat verə bilmərik, bütün məlumatlar müəssisənin saytında
yerləşdirilib. Görünür "Azərfarm” elə saytları kimi fəaliyyət göstərir.
Sayta yerləşdirilən bütün məlumatlarda hərflərdən çox sual işarələri
var...

"Azərfarm” müəssisəsinin saytı elə onların gördüyü işdən də xəbər verir.
Dərman sahəsində problem sadəcə qiymətlərin baha olması ilə bitmir. Bir
müddət əvvəl ANS TV-nin efirində yayımlanan "Rövşanə ilə bazar səhəri"
verilişində qorxunc iddia səsləndirilmişdi. Canlı yayımda özünü Mərkəzi
Dəmmiryolu Xəstəxanasının şöbə müdiri Kərimov kimi təqdim edən bir nəfər
telefonla qoşulub. O bildirib ki, Azərbaycana gətirilən dərman
preparatlarının tərkibi standartlara cavab vermir. Daha doğrusu,
Azərbaycandan olan sifarişçilər istehsalçıdan tələb edirlər ki,
dərmanların qiyməti ucuz olsun, tərkibində isə dəyişiklik edilsin.
Verilişə aşağıdakı videoda baxa bilərsiniz.
Dərmanlar bir neçə tərkibin kombinasiyasıdır. Onun tərkibində müəyyən
maddələrin hansı dozada olması onun qiymətini müəyyənləşdirir. Yəni
dərman xammaldan hazırlanır. Üçüncü ölkələr sifariş edərkən dərmanın
tərkibində doza aşağı istehsal olunur. Tutaq ki, dərmanın tərkibində
hansısa A maddəsi 200 milliqramdırsa, Azərbyacana 150 milliqramla gəlir.
Dərmanın da maya dəyəri 10 dollardan 5-7 dollara düşür. Digər tərəfdən,
Azərbaycan bazarında Yaxın Şərq, Hindistan istehsalı olan dərman
vasitələri üstünlük təşkil edir.

Azərbaycana ən çox bu ölkələrdən dərman gətirilir
Məsələ burasındadır ki, tərkibi dəyişdirilmiş keyfiyyətsiz dərmanlar
Səhiyyə Nazirliyindən necə keçir? Qeyd edək ki, bu cür dərmanların 70-60
faizi ölkəyə leqal daxil olursa, qalanı da əsasən Rusiya və
Gürcüstandan qeyri-leqal yolla ölkəyə gətirilir.
Maraqlıdır ki, tərkibi dəyişdirilən və doktor Kərimovun qeyd etdiyi
təhlükəli dərmanlar Azərbaycan Səhiyyə Nazirliyindən necə keçir?
Prezident İlham Əliyev Azərbaycanda məhz monopoliyanın qarşısını almaq,
sağlam rəqabət mühiti yaratmaq məqsədilə 2007-ci ildə Milli Məclisə
"Rəqabət Məcəlləsi haqqında" qanun layihəsi göndərib. Milli Məclis
ikinci oxunuşda qanunu qəbul edib. Amma layihənin bəxti açılmır ki,
açılmır. Qanun hələ də tam şəkildə bəyənilmir. Beynəlxalq qurumlar
bununla bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət etsələr də,
Rəqabət Məcəlləsi elə bil quyunun dibinə düşüb. Sanki parlamentdə oturan
bəzi məmurlar bu qanun layihəsini bilə-bilə qaranlığa qərq ediblər ki,
heç kim görməsin, monopoliya davam etsin, dövlət büdcəsi talansın.