İnsanın hər bir hərəkəti və xüsusiyyəti onun hansı xarakterə malik olduğunu göstəricisidir. Həmçinin müğənnilərin ifa etdikləri mahnılar daxili dünyanlarının təzahürüdür. Publika.Az-ın bu günki qonağı çılğın, dəlisov mahnıların ifaçısı eyni zamanda gözəl qamətli xanım:İlhamə Qasımovadır.
”Ukraynalı qızların sifətləri nağıllardakı küpəgirən qarılara bənzəyir”
- Bu yaxınlarda Bakıya ukraynalı jurnalist gəlmişdi. Xanımlarımız haqqında dediyi sözlərdən yəqin ki, xəbəriniz var.
- Bu xəbəri oxumuşdum. Mən tez-tez Kievə gedib-gəlirəm, hətta aylarla orada yaşamışam. “Azərbaycanlı qızların böyük əksəriyyətinin enli arxaları, sallaq qarınları və piyli budları var” bu sözləri deyən qardaş bilməlidir ki, Kiyevi heç də ideal bədən ölçüsünə sahib olan qadınlar ölkəsi adlandırmaq olmaz.
Ukraynada gözəl qızlar çoxdur, amma 30 yaşından sonra ukrainkaların ideal bədən quruluşundan əsər-əlamət qalmır. Donuz məhsullarından o qədər yeyirlər ki, 70 faizi çox kökəlir. Bundan başqa spritli içkilər də çox içirlər. Spirtin isə dərini qocaltdığı faktoru heç kəsə sirr deyil.
- Bizim xanımlar kökəlsə də, 50-60 yaşından sonra da simalarında mülayimlik, nuranilik qorunub saxlanır. Slavyan xalqlarının qadınlarında isə təəssüflər olsun ki, qocalma prosesi daha tez baş verir. Üzündə qırış olmasa, hətta ideal qalsa da, sifətləri nağıllardakı küpəgirən qarılara bənzəyir.
“Kişilərimizin də saymaqla bitməyən o qədər mənfi cəhətləri var ki...”
- Amma kişilər bu fikirdə deyil.
- Bizim kişilər qadınlarımızı qınamağa həmişə hazır vəziyyətdədirlər. “Öz gözündə tir görməyən, başqasının gözündəki çöpü axtaran” insanların fikirlərini dəstəkləmirəm. Ümumiyyətlə, bizim insanların bir-birini qınamağından dəhşətə gəlirəm. Dünyanın heç bir ölkəsi başqa ölkənin qadınlarını tərifləyib özününküləri pisləmir.
- Kişilərimizin də saymaqla bitməyən o qədər mənfi cəhətləri var ki... Tələb edən insan özü də nəyisə verməyi bacarmalıdır. Hörmət, sevgi qarşılıqlı olmalıdır. Qarşılıqlı hörmət göstərməyən kişinin, yaxud qadının nəyisə tələb etməyə ixtiyarı yoxdur.
- Bizim adət-ənənələrimiz, qayda-qanunlarımız qadınları çox sıxır. Sizcə bu belə də olmalıdır?
- Həmin adət-ənənələrin çoxunun İslam dini ilə heç bir bağlığı yoxdur. Bizim dinimiz qadınlara və kişilərə azadlıq, sərbəstlik verən ən gözəl dindir. Bu cür xüsusiyyətlər əsasən Qafqaz ölkələrinə aiddir. Çoxları sui-istifadə edib bunu dinlə bağlayırlar . Həmişə qadınlar qınaq obyektinə çevrilir. Məsələn, Türkmənistanda evli qadınlara sözlərini deməyə ixtiyar verilmir.
“Quran kitabını oxuyandan sonra çox qorxdum”
- “Quran”ı oxumusunuz və dinə bağlı insansınız?
- Ərəbcə bilmirəm, tərcüməsini oxumuşam. Vasim Məmmədəliyev kitabı o qədər gözəl tərcümə eləmişdi ki, böyük zövq aldım, hətta bir az qorxdum...
- Dinin bütün qaydalarına əməl etmədiyim üçün dinə tam bağlı insan olduğumu deyə bilmərəm. Mən bu məsələyə başqa prizmadan yanaşıram.
- Necə?
- Qeybət və haram etməməyə çalışıram, günah və zina kimi şeylərdən kənaram. Günahın və haramın nə olduğunu dərk etdiyim üçün onların qarşısını almağa çalışıram.
- Baxımlı qadın olmaq və gəncliyinizi qorumaq üçün nə edirsiniz?
- Əvvəllər dərimin qeydinə qalmırdım. Fikirləşirdim ki, idmanla da formada qala bilərəm. Kökəlmə və arıqlama prosesində isə dərim çox korlanmışdı. Dəri boşalır və toxuma çatışmazılığı yaranır. Mütəxəssisə müraciət etməli oldum. Təbii vasitələrin, vitaminlərin köməyi ilə dərimi əvvəlki vəziyyətinə qaytarmağa çalışdım. Təbii vasitələrin köməyi ilə dəri sağlamlığının qeydinə qalmağı bütün xanımlara məsləhət görürəm.
“Alt dodaq yer, üst dodaq isə göy süpürməməlidir”.
- Yəni, plastik əməliyyata qarşı çıxırsınız?
- Qadın həmişə gözəl görünməlidir, plastik əməliyyata pis baxmıram. Amma cavan xanımların dodaqlarını şişdirməsinin, qaşlarını döymə etdirməsinin əleyhinəyəm, belə qızları görəndə dəhşətə gəlirəm. Problem əməliyyatsız həll olunmadığı halda plastik əməliyyata müraciət etmək olar.
Məsələn, dodaqda qırış varsa, ya da çox nazik dodaqdırsa, ona bir az əl gəzdirmək olar. Ancaq təbiiliyi itirməmək şərti ilə, daha qədim xalq nağıllarındakı kimi “Alt dodaq yer, üst dodaq isə göy süpürməməlidir”.
- Makiyajı özünüz edirsiniz?
- Çox zaman özüm edirəm. Gözümün altında problem var, dərisi də çox pisdir. Gözümün altına ağ korrektor çəkəndə göy rəng alır. Gözümün altını düzgün makiyaj etməyi öyrənmək üçün illər lazım olub. Ən sevdiyim kosmetika da Amerikanın “Bobbi brown” markasıdır. Üz cizgilərim də elədir ki, makiyaj çox bilinmir. Bu səbəbdən efirə çıxanda makiyajı çox çəkmək məcburiyyətində qalıram.
“Haqqımda “Zövqsüzdür” sözünü eşidəndə gülməyim gəlir”
- Geyimlərinizi burdan alırsınız, ya xaricdən?
- Əvvəllər burdan alardım. İndi xaricdə tez-tez olduğum üçün elə oradan alıram, burda mağazaları gəzməyə heç vaxtım da olmur. Qarderobumda efir və gecə geyimləri azdır, gündəlik geyimlər daha çoxdur. Konsertim, yaxud da böyük bir tədbir olsa, onun üçün məxsusi libas sifariş verə bilərəm. Adi efir üçün geyimlərə o qədər pul xərcləmək istəmirəm, həm də bunun üçün çox pul tələb olunur. Haqqımda “Zövqsüzdür” sözünü eşidəndə gülməyim gəlir.
- Zövqsüz olduğunuzu kim deyib?
- Bir paltarı iki dəfə geyinəndə belə sözlər eşidirəm. Artıq çəkili vaxtlarımda markalardan dar şalvarlar və və.s geyinə bilməzdim. Modaya uyub artıq piyləri, ətləri göstərmək çirkinlikdir.
“Pulunuz belə çoxdursa, xeyirxah əməllərlə də məşğul olun!”
- Bir geyimi bir neçə dəfə geyindiyinizin müzakirəsi nəyə lazımdır?
- Hər dəfə başqa paltar geyinəndə başqa cür qəzəbli olurlar, eyni paltarı bir neçə dəfə geyinəndə yenə qəzəbli olurlar. İnsanların hər şeyə mənfi və aqressiv münasibət göstərməsi başa düşə bilmirəm. Mən həmin xanımlara demək istəyirəm ki, pulunuz belə çoxdursa, xeyirxah əməllərlə də məşğul olun! Ehtiyacı olanlara, kasıblara əl tutun...
Bu, gündə bir paltar almaqdan min dəfə daha yaxşıdır. Özünü göstərməkdən ötrü borca-xərcə girib üstünə etiket yapışdırılan əski parçasına verməkdənsə, daha səmərəli xərcləyərəm.
- Siz özünüz kiməsə maddi cəhətdən yardım edirsiniz?
- Öz cibimə görə, bacardığım qədər yardım edirəm.
- Birdən-birə necə arıqladınız.
- Vaxtı ilə pəhriz saxlamışam, arıqlamışam. Amma sonradan itirdiyim çəkini artıqlaması ilə yenidən almışam. Pəhriz boş söhbətdir... İdmanla məşğul olurdum, amma 4 kq-dan artıq arıqlaya bilmirdim. Burda heç bir sirr yoxdur, sadəcə çox az yeyirdim. Yavaş-yavaş da piylərim əriməyə başladı.
- Sağlam qidalanmırdınız?
- O qədər də yox.
- Azərbaycan mətbəxi asan deyil. Əl qabiliyyətiniz necədir?
- Ev işlərinə nifrət eləsəm də, yemək bişirməkdən zövq alıram. Bişirə bilirəm, özü də necə...
- Sürəti sevirsiniz?
- Sevsəm də, maşınım buna imkan vermir. Bizim yollarda sürət həddi yoxdur. Boş yer olsa da, sürücülər sanki özləri tıxac yaradır. Belə hallarda bəzi şıltaqlıqlar edirəm.
- Kişi sürücülərdən narazısınız?
- Hər sükan arxasında oturan sürücü deyil. Qadınlar kimi, kişilər arasında da avtomobili pis idarə edənlər var.
- Romantik xanımsınız?
- Realist insanam, amma romantikanı hansı qadın sevmir ki? Çox təəssüflər olsun ki, Azərbaycanda qadın həyat yoldaşı üçün romantik axşam yeməyi təşkil edibsə, bunu başqa cür qarşılayırlar. “Nə məsələdi, nə baş verib?” kimi suallar verirlər, bu da adamın bütün həvəsini öldürür. Biz hələ o cəhətdən tərbiyələnməmişik. Kişilər də bu cür münasibətə hələ hazır deyillər.
- Niyə cəhd göstərmirsiniz?
- Qadınlarımız çox cəhdlər edirlər, çox şeyə güzəştə gedirlər. Kişilər isə çox vaxt qədrini bilmirlər. İstər özüm, istərsə də ətrafımdakı qadınlar tərəfindən belə şeylər çox görmüşəm və yorulmuşam. Məncə, artıq kişilər də güzəştə getməlidir. Ailə qurandan sonra yükün çoxu qadının çiyinlərinə düşür: ev işləri, uşaqların sağlamlığı və s. Dünyaya uşaq gətirmək özü də riskdir. Kişilər hər şeydə qadınları günahlandırırlar.
- O kişiləri də qadınlar tərbiyə edir.
- Belə qadınları görəndə mən şoka düşürəm. Oğluna əlini ağdan-qaraya vurmağa qoymur, amma həyat yoldaşının rahatlığına qıyır. Belə oğlan necə ailə başçısı ola bilər?
- Özünüzü nə cür ana kimi təsəvvür edirsiniz?
- Ana olmağı çox istəyirəm. İnsan tək yaşamamalıdır, ailəsində kimisə sevindirməli və sevilməlidir. Əlbəttə ki, Allahın işidir... Ana olmağı səbrsizliklə gözləyirəm. Əslində, işlərimin yubanmağı da sağlamlığım məşğul olmağımla bağlı idi. Necə ana olacağımı deyə bilmərəm. Uşaqlara qarşı çox obyektiv davranıram. Öz övladım da olsa, ona qeyri-obyektiv yanaşa biləcəyimə və nazı ilə oynayacağıma, inanmıram. Uşağı ərköyün böyüməsini xoşlamıram. Çünki anam da övladlarını sərt böyüdüb.
- Övladlığa uşaq götürməyi fikirləşmisiniz? Bu cəmiyyətimiz üçün də yaxşı nümunə olar.
- Bu qərarı tək mən versəydim, heç bir problem olmazdı. Yəni, tək məndən asılı deyil. Çünki mənim üçün ögey, doğma övlad anlayışı olmayıb. Uşağı görəndə qanın qaynanırsa, üzün gülürsə, səni özünə cəlb edirsə, bu hiss dünyaya bərabərdir. Bir də onun şəxsiyyət kimi formalaşması daha əsasdır. Hər bir insanın sevindirməyə və kimisə sevilməyə haqqı var.
“Heç olmasa dünyasını dəyişəndə onu yerdən qaldıran bir insan olmalıdır!”
- Uşaq valideynə qocalığında baxması üçün lazımdı?
- Elə uşaq var ki, nəyin ki, qocalığında heç də sağlam vaxtında valideynlərinin qeydinə qalmır. Belə ailələr görəndə ürəyim ağrıyır. İndi heç kim, heç kimə baxmır. Sənə baxacağına heç vaxt zəmanət verə bilməzsən! Övlad qocalığında valideynə baxması üçün deyil, heç olmasa dünyasını dəyişəndə onu yerdən qaldıran bir insan olmalıdır.
- Valideynə baxmaq hər övladın borcudur. Özüm də valideynimə çox az kömək edirəm. Bu, onların əməyinin qarşısında heç nədir...