İmişlidə gənclər həqiqi hərbi xidmətə yola salınıb
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2015-ci il iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. İyulun 8-də Bayraq Meydanında İmişli rayonundan olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Mərasimdə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin nümayəndələri, rayon ictimaiyyəti və çağırışçıların valideynləri iştirak ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Digər çıxış edənlər Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda inamlı addımlar atılır.

Valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiklərini deyiblər. Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər. Gənclər dövlət bayrağımıza ehtiramlarını bildirərək, musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınıblar.