“İsveç dilində azərbaycanlı yazarın əsəri yoxdur"

“İsveç dilində azərbaycanlı yazarın əsəri yoxdur"

Bu günlərdə İsveçdə azərbaycanlı alimin bədii əsəri çapdan çıxıb. Ümumiyyətlə, İsveç dilində belə bir əsərin çıxması önəmli hadisə sayılmalıdır. Belə ki, əsərin müəllifi, "Azər" cəmiyyətinin sədri, Malmo Universitetinin doktoru, Dr. Manaf Səbəbi ilə kitabın məzmunu və s.mövzular ətrafında etdiyimiz söhbəti təqdim edirik. 

- Manaf bəy, bu günlərdə İsveçdə kitabınız çapdan çıxdı. Əsər nədən bəhs edir?

- Kitab İsveç dilində yazılıb. “İradənin yolu Taleyin görüntüsündəndir” adlı bədii romandır. 500 səhifəlik romanda əsasən üç bölümdə 15 yaşlı oğlanın həyatından, onun başına gələnlərdən, taleyi və iradəsindən bəhs olunur. Romanın əsas məzmunu Fəridin atası türmədə olarkən anası xərçəng xəstəliyindən vəfat edir. 

Əsər Fəridin qardaşı Fazil ilə birlikdə Əfqanıstandan İranın paytaxtı Tehrana köçməsi ilə davam edir. Orda qardaşlar çox ağır vəziyyətlə qarşılaşırlar, küçə yaşamına məcbur qalırlar. Tehranda küçə yaşam tərzi onlar üçün bir çox təhlükələr yaradır. Fərid Ayla adında bir qıza aşiq olur. Amma Aylanın ailəsi bu tanışlığa qarşı olur. Gənclər qaçsalar da, Aylanın ailəsi qaçaqları geri qaytarır. Fəridi bir həftəlik evdə girov saxladıqdan sonra Aylanı yaşlı bir kişiyə ərə verirlər. Fazil bir küçə avarası tərəfindən zorlanıb, qətlə yetirilir. Nəhayət, Fərid qardaşının intiqamını alır və gizlənmək üçün Ərdəbil şəhərinə qaçır. Orada Yaşar adlı Azərbaycan milli fəalı ilə tanış olur. Bundan sonra onun həyatında yeni dövr başlayır. Yaşar Fəridi özünə qardaş kimi qəbul edir və qərar verir ki, Fərid ancaq ölkəni tərk edib, qaçaq yolu ilə İstanbul şəhərinə gedib özünü İran polisindən bu yolla azad etsin. Bundan sonra Fərid çox təhlükəli yollarla İstanbula özünü çatdırır, amma oradan da təkrar qaçmağa məcbur olur və İsveçə köçmək məcburiyyətində qalır. Keçmişinin əksinə yeni ölkədə həyatı çox rahat olur. Az müddət ərzində Fərid maddi durumunu düzəldir və universitetdə ali təhsil alıb, xəstəxanada həkim kimi çalışır. Amma bu xoşbəxtçilik çox davam etmir. Nailiyyətlərinə baxmayaraq, ruhi baxımdan hər zaman özünü yaralı kimi hesab edir. Fəridin bu əhval-ruhiyyəsi yeni isveçli həyat yoldaşına ağır təsir göstərir, onu davamlı depressiyaya salır. Fərid güclü iradəylə çoxlu nailiyyət qazanmasına baxmayaraq, tale nəhayət ki, ona qarşı çıxıb, öz hökmünü yazır. Fərid Talibanların rəhbərlik etdiyi Əfqanıstana geri qayıdır. Aylanı axtarıb tapır, amma bu dəfə öz əbəbi eşqini öldürməyə məcbur qalır.

- Ümumiyyətlə, azərbaycanlı yazarların İsveç dilində əsərləri varmı?

- Mən bildiyim qədər İsveç dilinə tərçümə olunmuş kitab “Əli və Nino” romanıdır. Hansısa yazarın əsəri İsveç dilində yoxdur. Bunun da səbəbləri var: ilk növbədə azərbaycanlı yazarlar beynəlxalq səviyyədə tanınmayıb ki, onların əsərləri də İsveç kimi kiçik dilə tərçümə olunsun. İkincisi isə, azərbaycanlı mühacirlər arasında yerli dildə roman və ya şeir yazmaq o qədər yer almayıb. Məhz son səbəbdən mən qərara aldım ki, bu romanı İsveç dilində yazım və Güney Azərbaycan məsələlərinin İsveç əhalisi arasında tanıtımını təşkil edim. Həm düşünürəm ki, bəlkə digər azərbaycanlıları bu yola dəvət etməklə onlarda mənəvi-psixoloji maraq yaradım.

- Əsər İsveç ictimaiyyəti tərəfindən necə qarşılandı?

- Hələlik maraqla qarşılanır. Kitabxanalarda yerləşdirilib. Ən azı on müxtəlif kitab satış firmaları mənim kitabımı sayt və satış dükanlarında satışa çıxarıblar. Üstəlik, kitabımla əlaqədar seminarlara dəvət olunuram. Yeri gəlmişkən deməliyəm ki, kitab yeni çıxdığından, kitabı çox adam oxuyub başa çatdırmayıb.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az