Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsənin sərvətlərini yağmalayır. Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə səkkiz ildir ki filiz yataqlarını alt-üst etməkdədir.
Vizual.az-a daxil olan xəbərə görə kombinatın direktoru Ələddin Sadıqov Kərəm Həsənovun əlaltısı kimi fəaliyyət göstərir. Komitə sədri öz adamının sayəsində Daşkəsənin dəmir filiz və alunit dağ mədənini mənimsəməkdə davam edir.
Mənbənin qeydlərinə görə zəngin sərvətlərə malik Daşkəsən K.Həsənovun işğalı altında inildəyən bölgəyə çevrilib. Oliqarxlaşan məmur məhz bu sərvətlərdən əldə etdiyi milyonlar hesabına maliyyə resurslarına yiyələnib.
Qaynağımız bu biznesdə rayon icra başçısı Əhəd Abıyevin də rolunu istisna etmir. İcra başçısının ölkənin sərvətlərindən şəxsi malı kimi istifadə olunmasına şərik çıxması komitə sədrinin yerini bir qədər də rahatlayıb.
Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır. Mənbə qeyd edib ki, K.Həsənovun nəzarətindəki firmalardan biri
200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb. Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb.
Vizual.az-a daxil olan iddialara görə, Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib. Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir.
Az sonra komitə sədrinin Daşkəsəndəki gözünün işığı olan Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evə sahiblənib. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.
Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.
Rayonda kitabxananı ləğv etdirib, binanı özəlləşdirir və ticarət mərkəzi açır. İddialara görə, komitə sədrinin istəklərini reallaşdıran kombinat direktoru oğlunu Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsində işə düzəltməyə müvəffəq olur. Onun bu arzusunu həyata keçirməkdə K.Həsənovun dəstəyi olduğu da qeyd edilir.
Bu da azmış kimi Kərəm Həsənova arxalanaraq rayonda qohumlarını və yaxın adamlarını müxtəlif vəzifələrə yerləşdirməyə nail olur. Belə ki, Sumqayıtda yaşayan qardaşını Daşkəsənin su idarəsinin rəisi postuna gətirir.
Mənbə iddia edir ki, Ə.Sadıqovun dayaqlarının güclü olması və rayonda mövqelərinin möhkəmlənməsi icra başçısını narahat etməyə bilməzdi. Ə.Abıyevin filiz biznesində şərikliyi olsa da, əsas pay sahibinin kombinat direktoru olması, ardınca K.Həsənovun sayəsində yaxınlarına vəzifələr bölüşdürməsi rayon rəhbərini qəzəbləndirib.
Abıyevlə Sadıqov arasında münasibətlərin soyuq olduğu bildirilir.
Yazıda adı hallanan bütün tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.