Vizual Trend-ə istinadən xəbər verir ki, noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəliblər.
Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilib.
Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb. İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.
Prezident İlham Əliyev Forumda çıxış edib. Sonra ABŞ Prezidenti Barak Obamanın Foruma ünvanladığı məktub oxunub.
Çıxış edən Fransa Prezidenti Fransua Olland Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib.
Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Daha sonra İlham Əliyev və xanımı UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar.
İlham Əliyev və Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxıblar.


