Əliağa Hüseynov: “Baş verənlərin günahını yuxarılarda axtarmaq düzgün deyil”
Azərbaycanın sabiq hərbi komisarı, ehtiyyatda olan general-leytenant, Milli Məclisinin deputatı Əliağa Hüseynov əsgər Ceyhun Qubadovun ölümünə münasibət bildirib.
Deputat Ə.Hüseynov Bizimxeber.az-a eksklüziv açıqlamasında deyib ki, bu məsələni çox da şişirtməyə ehtiyac yoxdur. Sözügedən əsgər ölümü ətrafında siyasi fikirlər səsləndirməyin çox yalnış olduğunu diqqətə çatdıran Ə.Hüseynov bildirib ki, bu cür məlumatlar heç kəsə fayda verməz: “Yüz minlik orduda hər şey ola bilər. Bu ordudur və orduda da hər əsgər müxtəlif cür tərbiyə alır. Ailədə uşağa necə tərbiyə verirlərsə, elə də davam edir. Ceyhun Qubadov 3 ayın əsgəri olub. Bu 3 ay ərzində isə əsgər təcrübəli olmur. Odur ki, ola bilər 2 yoldaş arasında nəsə söz-söhbət olub. Baş verənlərin günahını yuxarılarda axtarmaq düzgün deyil. Hər gün restoran və barlarda nə qədər adam bıçaqlanır, nə qədər adamı soyurlar. Hər gün təkcə payxtada nə qədər yol qəzası baş verir və xeyli sayda insanlar həyatlarını itirirlər. İndi ordu da böyük sahədir. İstənilən sahədə müyyən çatışmamazlıqlar olur. Hərbi hissədə kiminsə səhvinə görə bütövlükdə dövlətin ordusunu ləkələmək olmaz”.
Deputat vurğulayıb ki, prezident-Ali baş komandan ordu quruculuğu sahəsində bu qədər böyük işlər görür: “Hətta xaricdən gələn qonaqlar da görülən işlərdən xəbərdardılar. Bunu bizimkilər görməlidirlər. İnsanlar uzun müddət bir yerdə olan zaman dəyişikliyi hiss etmir. Yəqin ki, bizim bəzi şəxslər də ordumuzda olan inkişafı hələ görə bilmirlər. Prezidentimiz-Ali baş komandan İlham Əliyev böyük siyasətlə məşğul olur və bu cür məsələlərdə dəstəyə ehtiyacı yoxdur. Prezidentimizin ehtiyacı onun xalqınadır. Bəzi qüvvələr ordu ilə bağlı təxribat yaratmaq istəyə bilərlər. Amma yaxşı olar ki, insanlarımız bu cür məsələlərlə bağlı səslənən fikirlərə baş qoşmasınlar və hər birimiz Ali baş komandana yaxından dəstək olaq. Hər birimiz Azərbaycan xalqına, dövlətinə və prezidentinə xidmət etməliyik. Belə olduqda isə Azərbaycan dövləti və ordusu daim güclü olacaq”.