Ötən gün "Həftəsonu” proqramında Rusiyanın və Sergey Lavrovun Qarabağ məsələsinə dair mövqeyini kəskin tənqid edən ATV telekanalı və aparıcı, eləcə də İnformasiya və Analitik Proqramların rəhbəri Vaqif Aydınoğlu ciddi təzyiqə məruz qalıb.
Azərbaycan 24-ün əldə etdiyi məlumata görə kanal rəhbərliyinə ciddi xəbərdarlıq olunub və dərhal ölçü götürülməsi tapşırılıb. Bu gün səhər saatlarında "ATV Səhər” proqramında aparıcı Turan İbrahimovun dilindən jurnalisti tənqid edən və Lavrovun ifadələrinə haqq qazandıran açıqlamalar efirə verilib. "ATV Xəbər” proqramında isə Rusiyanın Qarabağ münaqişəsinin həlli prosesində vacib rol oynadığına dair süjet təqdim edilərək jurnalist ittiham edilib. Süjetdə ekspert kimi çıxış edən Rasim Musabəyov jurnalistin sualını "əyalət səviyyəsində bir sual” adlandırıb. Ekspert qismində çıxış edən Turan İbrahimov isə Rusiyanın əhəmiyyəti barədə fikir yürüdüb və Lavrovda heç bir təqsir görmədiyi söyləyib.
Kanaldan sızdırılan məlumata görə Vaqif Aydınoğlu ilə bağlı məsələ heç də ürəkaçan deyil. Televiziyanın informasiya siyasətinə cavabdeh bir şəxsin bu cür "səhvə” yol verməsi, onun vəzifədə qalıb-qalmayacağını sual altında qoyub. Onun yerinə iddialı şəxslərdən biri isə aparıcı Turan İbrahimov hesab edilir və onun hazırda əks açıqlamalarla canfəşanlıq etməsi də bununla əsaslandırılır.