Lavrovdan İrəvana gizli Qarabağ mesajı
İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir.
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, Lavrovla görüşdə Elmar Məmmədyarovun danışıqlar masasını mərhələli şəkildə mövcud problemlərdən təmizləməli olduğunu bildirməsi, əslində, rəsmi Bakının mərhələli həll planından kənara çıxmadığına işarədir:
"Lavrovun bunu dilə gətirməməsi göstərir ki, Kreml münaqişənin həllinin I mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. Bakıda səsləndirilən "ümid yaradan amillər” ifadəsi isə söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etməyə imkan verir. Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Bu isə bütün razılaşmanı pozur və ortada Kremlin İrəvanı bu tələbdən vaz keçməyə məcbur edəcəyinə dair heç bir işartı yoxdur. Əgər bu danışıqlar bu dəfə də konkret nəticəyə gətirib çıxarmasa, vəziyyət yenidən gərginləşəcək”.
Qeyd edək ki, ötən gün Bakıya gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Azərbaycan səfərini başa vurub.
Miq.az