“Ləl-Cəvahirat fondunu taladılar, neft bonuslarını oğurladılar…”-İlham Əliyev

“Ləl-Cəvahirat fondunu taladılar, neft bonuslarını oğurladılar…”-İlham Əliyev

Prezident İlham Əliyev bu gün pambıqçılığa dair keçirdiyi müşavirədə kənd təsərrüfatının digər perspektivli sahələrinin də dirçəldilməsi üçün görülən işlərdən danışıb. O cümlədən üzümçülüyün tənəzzüldən necə xilas edildiyini xatırladıb.

Sitat:

-Əvvəlki dövrlərdə mənim sədrliyimlə çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz siqareti ixracyönümlü məhsul kimi görürük. Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq.

Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən üzümçülük. İndi mən bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi.

O zavodların materialları satıldı, yəni, böyük bir cinayət törədildi və demək olar ki, bu sahə itib-batmışdı. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınmırdı. Çünki əl vermirdi, gərək xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi.

Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxslər də bu cinayətin törədilməsində fəallıq göstərirdilər, üzüm bağlarını qırırdılar. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə? Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onun da əsas məqsədi Azərbaycanı məhv etmək idi və buna nail olmağa çalışırdı. Ancaq Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən sonra 1990-cı ildə buradan qaçdı.

 Ondan sonrakı dövrdə - xüsusilə AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az