“AŞPA-dakı bəzi qüvvələrə yanlış yolda olduqlarını isbatlayacayıq”
Bu il iyunun 22-26-sı tarixində Strasburqda AŞPA-nın növbəti toplantısı start götürəcək. Toplantıda Azərbaycanda demokratiyanın vəziyyəti və bu sahədəki pozuntular da müzakirə ediləcək.
AŞPA-da keçirilməsi planlaşdırılan dinləmələrə Azərbaycanda birmənalı münasibət mövcud deyil. Belə ki, bəzi millət vəkilləri və hakimiyyət təmsilçiləri hesab edir ki, əslində Azərbaycanda demokratiya sahəsində hər hansı bir problem mövcud deyil. AŞPA-nın keçirdiyi dinləmələr sadəcə Azərbaycana təzyiq xarakteri daşıyır və bunun arxasında erməni təbliğatı, eləcə də bəzi Qərb dövlətlərinin maraqları dayanır.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev Azərbaycanda insan haqlarının yüksək səviyyədə qorunmasına diqqət çəkdi:
“Azərbaycanda demokratiya, söz və media azadlığı sahəsində hər hansı bir problem yoxdur və səsləndirilən ittihamlar Azərbaycana olan qərəzli münasibətdən xəbər verir. Azərbaycanda bütün hüquqlar qanunla qorunur. Azərbaycana yönəlik ittihamlar ölkəmizə olan qərəzli münasibətin nümunəsidir. Azərbaycanda bütün qanunlar yerindədir və lazımi səviyyədə də müdafiə olunur. Sadəcə olaraq erməni təbliğatının nəticəsində Azərbaycana qarşı müəyyən təzyiqlər həyata keçirirlir. Həqiqətdə isə, Azərbaycanda heç bir problem yoxdur və ola da bilməz. Azərbaycanda demokratiya və insan haqları ən yüksək səviyyədə qorunur”.
R.Rzayevin bildirdiyinə görə, Azərbaycanı haqqın, ədalətin pozulmasında ittiham edən beynəlxalq təşkilatlar, eləcə də AŞPA Azərbaycana münasibətdə ədalətli mövqe nümyiş etdirmir:
“Azərbaycana münasibətdə isə ədalətli münasibətə şahid ola bilmirik. Azərbaycanda bir milyon insan məcburi köçkün vəziyyətindədir. Heç kəs də buna qiymət vermək istəmir. Halbuki, onlar ilk növbədə bu problemi həll etməlidirlər ki, sonra da Azərbaycandan nə isə tələb eləsinlər.
Biz AŞPA-da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyik və yanlış yolda olduqlarını onlara sübut edəcəyik”.
Vətəninfo.az