Meriya yenə 20-ci sahəni göstərdi

Meriya yenə 20-ci sahəni göstərdi

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 6-na təyin etdiyi yürüş-mitinqlə bağlı müraciəti dünən cavablandırıb. İctimai Palatanın üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, meriya yürüş-mitinqin İctimai Palatanın istədiyi yerlərdə keçirilməsinə icazə verməyib. Aksiyanın yenə də 20-ci yaşayış sahəsindəki Sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

T.Yaqublu bildirdi ki, İP rəhbərliyi əvvəldən elan edib ki, 20-ci sahə təklifini bu dəfə qəbul etməyəcək. Meriyanın cavabı mayın 4-də Koordinasiya Şurasının növbədənkənar iclasında müzakirə ediləcək və hansı addımın atılması ilə bağlı qərara gəlinəcək. Eyni zamanda məsələ İP-in 5 may sessiyasında da ciddi müzakirə olunacaq. Razılaşdırılmamış aksiyaya gedib-getməmək məsələsi də bu müzakirələrdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətindən Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək, Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan yerləri istəmişdi.

Meriya bu məkanlarda nəqliyyatın intensiv hərəkət etdiyini əsas gətirərək onları aksiya üçün uyğun saymayıb.

Müsavat başqanının müavini Tofiq Yaqublu Deyerler.Org-a bildirib ki, birmənalı olaraq İctimai Palatanın meriya qarşısında piket keçirmək qərarı qüvvədədir: "Çünki bu qərar meriyanın cavabına bağlı olan qərar idi”.

O, sözlərinə bunları əlavə edib: “Biz mayın 6-sı üçün meriyaya müraciət etmişdik. Eyni zamanda qərara almışdıq ki, əgər rədd cavabı verilsə, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirəcəyik. Bununla da sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb edəcəyik. Bu, yüzdəyüz olacaq. Lakin 6 may mitinqi ilə bağlı sabah Koordinasiya Şurasının yekun qərarı olacaq ki, bu dəfə hansı addımları atacağıq”.

“Piketlə bağlı meriyaya müraciət edilibmi" sualına T.Yaqublu belə cavab verib: “Piketlə bağlı da müraciət olunub. Lakin piketlə bağlı qərar vermişik ki, istənilən halda biz onu keçirəcəyik. Yəni piketə icazə verilib-verilməməsindən asılı olmayaraq biz piket keçirəcəyik. Çünki artıq 6 may mitinqinə icazə verilməyib”.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az