Metroda gedişhaqqı artırılır? - Deputatdan AÇIQLAMA
"Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədovun AZƏRTAC-a müsahibəsində səsləndirdiyi "ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib” fikirləri ciddi müzakirə yaradıb. H.Məmmədovu tənqid edənlər bildiriblər ki, bu, metroda gedişhaqlarının arıtırılacağı barədə siqnaldır. Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür, lakin ictimai nəqliyyatın da qiymətinin qaldırılması müzakirə olunur. Qeyd edilib ki, hər dəfə başqa bir qurum xərcləri qarşılaya bilməməsi barədə açıqlama verir. Bəs 345 manat minimum orta əməkhaqqı alan vətəndaş nə etməlidir? Müzakirələr zamanı metrostansiyalar və qatarlardakı reklamlara da diqqət çəkilərək bildirilib ki, bu, qurumun büdcəsinə xeyli müsbət təsir edir...
Müzakirərlələ bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, vəsait əldə etmək üçün metronun kifayət qədər potensialı var.
"Xüsusilə reklam gəlirlərindən vəsait əldə etmək imkanı var. Diqqət etsəniz, Türkiyənin özündə də metro vaqonlarının içində kifayət qədər reklam gəlirləri ilə bağlı panolar asıldığını görərsiniz. Çatışmayan vəsaitin buradan çıxarılması nəzərdə tutulur. Gedişhaqlarını qaldırmaq təhlükəlidir. Bu, sosial narazılığı artıra biləcək məsələdir. Çünki ictimai nəqliyyat alternativ olmadığına görə xüsusilə aztəminatlı insanlar metrodan istifadə edirlər. Bu məsələdə hansısa şəkildə qiymət tarazlığı yaratmaq üçün qiymətin artırılması həqiqətən də aşağı məbləğdə əməkhaqqı alan insanlar arasında ciddi narahatlıq yaradacaq. Xüsusilə, tələbələr üçün bu, böyük problemdir. Tələbələrin də əksəriyyəti məhz metro xidmətindən istifadə edir. Hər halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də müəyyən tövsiyələri və təklifləri olmalıdır. Daha çox metro gəlirlərinin başqa istiqamətlərdə artırılması barədə düşünə bilərik. Gedişhaqqının qaldırılması ən primitiv, asan yoldur. Amma sonradan böyük bir vətəndaş kütləsinə təsir edə biləcəyinə görə bunun sosial ağırlığı daha çox narahatlıq doğurmağa başlayacaq. Bu baxımdan, məsələ üzərində düşünmək, metronun gəlir imkanlarını təmin edə biləcək hansısa satış platformaları, reklam şəbəkəsinin genişləndirilməsi barədə düşünmək daha məqsədəuyğundur”, - deputat bildirib.