Mirəşrəf Fətiyev: "Biz Azərbaycanı sevənlərləyik" - EKSKLÜZİV

Mirəşrəf Fətiyev: "Biz Azərbaycanı sevənlərləyik" - EKSKLÜZİV

"Yeni televiziya martda fəaliyyətə başlayacaq"

Son günlər əsas diqqət mərkəzində olanlardan biri də Dünya Azərbaycanlıları Konqresinin həmsədri Mirəşrəf Fətiyevdi.

Mirəşrəf Fətiyevin diqqətdə olmasının əsas səbəblərindən biri də onun Söyün Sadıqovdan ayrılması və bu addımı ilə Azərbaycan hakimiyyətinə "Milyarderlər İttifaqı"nda təmsil olunmamasını sübut etməsi oldu. Amma Vətəninfo.az-a Fətiyevin Söyün Sadıqovdan ayrılmadığı və hələ də bu münasibətlərin davam etdiyi haqda məlumat daxil olmuşdu. Mirəşrəf Fətiyevin bu qədər gündəmdə olduğunu diqqətə alaraq onunla əlaqə saxladıq və yeni televiziya yaratması yolundakı addımları və bizi maraqlandıran suallara cavab öyrənmək istədik.

- Mirəşrəf bəy salam, necəsiniz?

- Salam. Mən indi Ərəbistadayam və ailəmlə birlikdə istirahət edirəm.

- Bizi müəyyən suallar narahat edir və istəyirik bu suallara cavab verəsiniz.

- Bəlkə o sualları Moskvaya qayıtdıqdan sonra cavablandırım?

- Biz sizi çox yormayacağıq. İlk olaraq yeni televiziya ilə bağlı işlər haqqında məlumat vermənizi istərdik. Vəziyyət nə yerdədi və televiziya nə zaman fəaliyyətə başlayacaq?

- Hazırda televiziyanın fəaliyyəti ilə bağlı texniki işlər həll olunmaqdadır və televiziyanın yerləşəcəyi binada təmir işləri aparılır.

- Artıq televiziya üçün binada almısız?

- Bəli, televiziyaya bina almışıq və təmir işlərinə start verilib.

- Mirəşrəf bəy, TV nə zaman fəaliyyətə başlayacaq?

- Əgər işləri vaxtında həll edə bilsək, bu təmir işləri tez başa çatsa, inşallah mart ayında fəaliyyətə başlamaq niyyətindəyik.

- Televiziyanın Azərbaycanda yayımı necə mümkün olacaq?

- TÜRKSAT-la müqavilə bağlamışıq və bu müqaviləyə uyğun olaraq TV-nin fəaliyyəti və hazırladığı proqramlara Azərbaycan tamaşaçıları da zövqlə baxacaqlar. Eyni zamanda bu TV DAK-ın TV-si olduğundan,Güney Azərbaycandakı soydaşlarımız da TV-ni izləyə biləcəklər.

- Mirəşrəf bəy, məlumatlara görə təkcə TV açmaqla kifayətlənməyəcəksiniz və internet xəbər portalı və qəzet təsis etmək istəyində olduğunuz da bildirilir?

- Bəli, belə bir niyyətimiz var və bütün bunlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa və Güney Azərbaycanın problemlərini qabartmağa yönələcək.

- Mirəşrəf bəy, bu gün gündəmdə qalmanızın əsas səbəblərindən biri də "Milyarderlər İittifaqı" və Söyün Sadıqovla əlaqələriniz və ondan ayrılmağınızdı. Amma məlumatlara görə Söyün Sadıqovdan ayrılmamısınız. Həqiqət nədən ibarətdi?

- Bu gün Azərbaycanla, Güney Azərbaycanla bağlı mübarizə aparan hər bir şəxsin əməyi qiymətləndirilməlidir. Biz də Azərbaycanla bağlı çalışan insanlarıq. Əsas məsələ kimin kimin yanında dayanması deyil, görülən iş, ortaya qoyulan nəticədi. Biz nəticə üçün çalışan insanların fəaliyyətini qiymətləndirməliyik ki, bu işlərin davamı olsun.

- Yəni Söyün Sadıqovdan ayrılmamısınız?

- Bir daha deyirəm, biz Azərbaycan üçün çalışan insanlarla birlikdəyik və bu birliyimiz xalqımıza, dövlətimizə xidmət üçündü.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az