Mişanın Nikola çağırışı Rusiyanı qorxutdu: Təhdid artdı

Mişanın Nikola çağırışı Rusiyanı qorxutdu: Təhdid artdı


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Nikol Paşinyana müraciəti, "va-bank” getməyə və Rusiyanın bütün strukturlarından (MDB, KTMT, Aİİ) çıxaraq, rus ordusunu ölkədən qovaraq, birbaşa AB-yə istiqamət götürməyə və hazırkı şəraitdən (Rusiyanın Ukraynada bataqlığa girməsindən – red.) maksimum istifadə etməyə çağırması Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.

Axar.az xəbər verir ki, xüsusilə Rusiyanın təsir dairəsində olan və ya birbaşa Rusiyadan maliyələşən media qurumları bu çağırışa qarşı təbliğata başlayıblar.

Bəzi erməni politoloqlar hesab edir ki, bu, Ermənistan dövlətinin dağılması üçün "ən qısa yoldur”. Onlar cidd-cəhdlə qərbyönlü siyasətin Ermənistanın "başına ciddi fəlakətlər gətirdiyini”, "ərazi itkisinə məruz qoyduğunu” sübut etməyə çalışırlar.

Rusyönlü siyasi şərhçi Qriqor Balasanyan açıqlamasında deyib ki, bu müraciətin təşəbbüsçüsü Saakaşvili deyil, onun "ağası” ABŞ-dır:

"Ola bilsin ki, onları buna Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqdakı son çıxışı ruhlandırıb. Onlar səhvən hesab edirlər ki, mövcud vəziyyətdən - obyektiv və subyektiv səbəblərə görə Rusiyadan narazılıqdan istifadə edə bilərlər”.

Balasanyan Gürcüstanın MDB ilə əlaqələri kəsməklə və Aİİ-yə daxil olmamaqla nələr itirdiyini unutmamağa çağırıb:

"Baxın, adambaşına düşən ÜDM-yə görə Gürcüstan və Ermənistan hansı yerdədir. Gürcüstan bu günə kimi nə NATO-ya, nə də AB-yə üzv olub”.

Qeyd edək ki, 2022-ci il üçün adambaşına düşən ÜDM Gürcüstanda 6 770 dollar (96-cı yer), Ermənistanda isə 5 972 dollar (104-cü yer) olub. Bu baxımdan Balasanyanın müqayisəsi qətiyyən yerində deyil.

Belə aydın olur ki, Saakaşvilinin Paşinyana çağırışı Rusiyanı ciddi narahat edib və ruslar bunun arxasında konkret fəaliyyətin olması ehtimalını yüksək qiymətləndirirlər. Ona görə də Ermənistana qarşı müxtəlif ekspertlərin dili ilə hədələmələr artıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az