Misir Mərdanov ölkədən qaçıb, yoxsa....

Misir Mərdanov ölkədən qaçıb, yoxsa....

Azərbaycanda seçki öncəsi siyasi müstəvidə başlayan dalğalanma yerini hələ də sabit məcraya yönəldə bilmir. İsmayıllı olayları, ardınca Neftçala, ən son isə xalq yazıçısı Əkrəm Əylislinin məlum romanı ortalığı toz-dumana bürüyüb. İndi siyasi dəhlizlərdə danışılan bir fikir var - bu baş verənlər nə deməkdir? Hakimiyyətdaxili qruplaşmaların bir-birini sıradan çıxarması da normal görünməlidi və qarşıdakı seçkilərdən sonra yeni prezident və yeni hökumətin formalaşması baş verəcək ki, hökumət qatarına hoppanıb minmək bir o qədər asan olmayacaq.
Ekspertlər hesab edirlər ki, keçiriləcək seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi üçün elə bir maneə yoxdur və ölkə prezidentinin xalqın əsas hissəsinin səsini alaraq yenidən seçilməsi qaçılmazdı.
Amma siyasi ekspertlər hesab edirlər ki, İlham Əliyev qarşıdakı 5 ildə mövcud hökumət üzvləri ilə yolunu davam etmək niyyətində deyil. Əlbəttə, bir qismi ilə. Önümüzdəki beş ildə nazir kürsüsündə yəqin ki, bu gün tanıdıqlarımızdan bir çoxunu görməyəcəyik.
Verilən məlumata görə, gedəcək nazirlər sırasında Misir Mərdanovun adı ilk başda hallanan isimlərdəndi və hazırda təhsil nazirinin ölkədə olmaması da onun ətrafında bir çox müəmmalar yaratmaqdadır.
Məlumatlara görə, Misir Mərdanovun hazırda xaricdə olmasının səbəbi onun təmsil olunduğu hakimiyyətdaxili qruplaşmanın sifarişidi. Həmin qrup M.Mərdanovu baş verən hadisələrdən qorumaq və yeni qatarda yenidən sərnişin etməyi düşünür. Amma Azərbaycan təhsilində baş verən eybəcərliklər imkan vermir ki, hakimiyyətdaxili qrup onu daha güclü qorusun.
Vətəninfo.az-a sızan məlumata görə, təkcə nazirlər deyil, bu gün Prezident Administrasiyasında müəyyən postlar tutan şəxslər var ki, onlarla da yollar ayrılacaq.
Mənbənin verdiyi məlumata inansaq, xüsusən administrasiyada bu gün poqonlu generalların bir çoxu ilə vidalaşmaq niyyətindədirlər və bu poqonlular məcburi təqaüdə göndəriləcəklər.
Məlumata görə, hakimiyyətdaxili qruplararası məlumatlar məhz poqonluların emissarları vasitəsilə mətbuata ötürülür.

Vətəninfo.az-ın informasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az