Milli Televiziya və Radio Şurası (MTRŞ) Azad Azərbaycan (ATV) kanalında yayımlanan "Qız atası" serialına görə bu TV-yə şifahi xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə report-a Şuranın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.
Onun
sözlərinə görə, "Qız atası" serialında Azərbaycan ailəsinə xas olmayan
söhbətlər baş verir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı
yaradılır ki, iradlar da bu istiqamətdə olub: "ATV-nin proqram direktoru
bu məsələni öz nəzarətlərinə götürdüklərini bildirdi. Serialın baş
prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul edib. O,
qısa zamanda ssenaridə dəyişiklik ediləcəyini və tamaşaçının bir daha
narahatçılıq yaradan məqamlarla qarşılaşmayacağını bildirib".
Şöbə
müdirinin sözlərinə görə, "Qız atası" serialında "Qaynanamız"
serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi
üçün şifahi xəbardalıqla kifayətləniblər.
T.Dadaşov onu da
bildirib ki, yayımı bir aylıq dayandırılan "Qaynanmız" serialı əvvəllki
formada efirə qayıdarsa, yayımına icazə verilməyəcək: "Qaynanamız"
serialı irad tutulmuş məsələləri aradan qaldırarsa, yayımına icazə
veriləcək".
Şöbə müdiri vurğulayıb ki, telekanalın məsul şəxsləri
MTRŞ-nin qərarını anlayışla qarşılayıb və irad tutulan problemlərin
aradan qaldırılacağına söz veriblər: "ATV-nin məsul şəxsləri bizim
qərarımızı anlayışla qarşıladı və verilən qərarları efirin
sağlamlaşdırılmasına yönəlik addım kimi dəyərləndiriblər. Bildiriblər
ki, Azərbaycanın efirində normal verilişlərin yayımlanmasını istəyirlər
və bu işdə atılan addımlara qarşı deyillər".