Mühafizəçi 4 ofisiantın necə ölməsindən danışdı
"Ofisiantlar metal konstruksiyalı mexanizmi hotelin arxa tərəfindəki tikintidən gətirirdilər".
"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, bunu Bakıda 4 ofisiantın faciəli şəkildə öldüyü hadisə ilə bağlı jurnalistlərə açıqlamasında "Lake Hotel"in mühafizəçisi Əliağa Həsənov deyib.
O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib:
"Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada idi. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksəkgərginlikli elektrik naqilinə toxundu. Qışqırıq səsinə çıxdıq ki, ofisiantların dördünü də cərəyan vurub öldürüb".
Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.