Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm rol oynayan qocaman sənət ocağı - Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 80 illiyi tamam olub. “Vətəninfo.az”a Səbail Rayon icra hakimiyyətindən daxil olan məlumatda deyilir ki, bu münasibətlə məktəbin bayram libasına bürünmüş konsert zalında yubiley tədbiri keçirilib. Konsertdə əvvəlcə məktəbin xalq çalğı alətləri orkestrinin ifasında Vasif Adıgözəlovun “Bayram süitası” səslənib.Sonra məktəbin direktoru, Əməkdar Mədəniyyət İşçisi, musiqişünas Qəmər Quliyeva uşaq musiqi təhsili ocağının keçdiyi şərəfli yoldan söhbət açıb.
Q.Quliyeva bildirib ki, Bakı şəhərində ilk musiqi tədris müəssisələrindən olan 2 nömrəli musiqi məktəbinin fəaliyyətə başlamasından 80 il ötür. Əsasən 1940-cı ildən öz işini təkmilləşdirməyə başlayan məktəbdə müxtəlif şöbələr yaradılıb, musiqi təhsilinə çox sayda uşaq cəlb edilib. Hazırda 88 müəllimin çalışdığı, 380-ə yaxın şagirdin təhsil aldığı musiqi məktəbinə 1990-cı il fevralın 9-da dünya şöhrətli müğənni Rəşid Behbudovun adı verilib. Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, bu illər ərzində 2 nömrəli musiqi məktəbi bir çox görkəmli musiqiçilər yetişdirib.Nazir qeyd edib ki, xalq artistləri – pianoçu Zöhrab Adıgözəlzadə, bəstəkar Musa Mirzəyev, kamança ifaçısı Şəfiqə Eyvazova, Əməkdar Artist, vokalçı Fidan Qasımova, bəstəkar, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və başqaları ilk musiqi təhsillərini burada alıblar. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məktəb kolletivini yubiley münasibəti ilə təbrik edərək qeyd edib ki, hazırda şagirdlərin normal təhsilini təmin etmək məqsədi ilə Səbail RİH-nin daxili imkanları hesabına burada 2010-cü ildə əsaslı, bu il isə cari təmir işləri aparıb, məktəb lazımi inventarlarla təmin olunub. O, məktəb kolletivinə fəaliyyətlərində uğurlar arzulayıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və başqaları musiqi məktəbinin yetirmələrinin ölkəmizi layiqincə təmsil etdiklərini, təkcə respublikada deyil, yurdumuzun hüdudlarından kənarında da böyük uğurlar qazandıqlarını bildiriblər, müəllim kollektivinin əməyini yüksək qiymətləndiriblər. Yubiley konsertində məktəbin xalq çalğı alətləri orkestrinin, birləşmiş xor kollektivinin, skripkaçılar ansamblının müşayiəti ilə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib, məktəbin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.