Müxalifət parlamenti blokadaya alaraq, təhlükəsizliklə əlaqədar qanun layihəsinin qəbulunun qarşısını almağa çalışır

Müxalifət parlamenti blokadaya alaraq, təhlükəsizliklə əlaqədar qanun layihəsinin qəbulunun qarşısını almağa çalışır

Sentyabrın 17-də səhər saatlarında milli özünü müdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhdarları əllərində "Müharbəyə yox!” məzmunlu şüarlar yazılmış plakatlar tutaraq Yaponiya parlamentinin qarşısına toplaşıblar.

Həmin ziddiyyətli qanun layihəsinin qəbulu II Dünya müharibəsi başa çatdıqdan sonra ilk dəfə yapon silahlı qüvvələrinə təhlükə yarandığı təqdirdə yalnız Yaponiyanın özünü deyil, həm də "dost ölkələri” müdafiə etmək hüququ verəcək. Hazırda bu qanun layihəsi artıq iki gündür ki, parlamentin yuxarı palatasında müzakirədədir və müxalifət onun qarşısını almaq üçün iclas zalını demək olar ki, blokadaya alıb.

Hazırda yuxarı palatada vəziyyət həddindən artıq gərgindir. Qanun layihəsinin qəbulunu maksimum yubatmaq istəyən müxalifət var gücü ilə çalışdığı üçün burada müzakirələrin tonu da artıq yüksəyə qalxıb.

Müzakirələrə qatılan Baş nazir Şinzo Abe və Nazirlər Kabinetinin digər üzvləri soyuqqqanlılıq nümayiş etdirərək, müxalifət nümayəndələri ilə açıq dialoqa girməməyə çalışırlar.

Yaponiyanın əsas televiziya kanalı olan NHK iclas zalından və parlamentin ətrafında davam edən mitinqdən birbaşa yayım aparır. Həm müxalifət, həm də mitinq iştirakçıları yaxşı başa düşürlər ki, Liberal-Demokratik Partiyanın rəhbərlik etdiyi koalisiya parlamentin yuxarı palatasında böyük əksəriyyətə malik olduğuna görə, qanun layihəsinin qəbulunun qarşısını almaq mümkün olmayacaq.

Bundan əlavə, həmin qanun layihəsi yayda parlamentin əsas aşağı palatası tərəfindən bəyənilib. Parlamentdə gərgin müzakirələr bir neçə ay davam etmiş və hətta hökumət cari sessiyanın sentyabrın sonunadək uzadılması barədə qərar qəbul etməli olmuşdu. Qanun layihəsinin qəbulunun qarşısını almaqda aciz olan müxalifət hökumətdən daha çox vəd və təminat almağa, bununla da gələcəkdə hakim bloka mümkün qədər çox təzyiq etmək imkanı qazanmağa çalışır.

2014-cü ilin iyulunda hökumət "kollektiv özünümüdafiə haqda” qətnamə qəbul edib və bu sənəd özünümüdafiə qüvvələrinin səlahiyyətlərini genişləndirmək üçün təhlükəsizlik sahəsində qanunvericiliyə müəyyən düzəlişlər əlavə etmək imkanı verir. Cari hökumət istisna olmaqla, indiyədək mövcud olmuş bütün yapon hökumətləri başa düşürdülər ki, Yaponiya Konstitusiyasının 9-cu maddəsi hücum təhlükəsi yarandığı təqdirdə yalnız fərdi şəkildə özünümüdafiəyə icazə verir və müttəfiqlərə hücum olacağı halda kollektiv müdafiəyə imkan yaratmır.

Baş nazir Şinzo Abe yaxşı bilir ki, onun Kabinetinin bu addımı insanlarda ciddi narahatlıq yaradır, lakin buna baxmayaraq, o öz planlarından imtina etmək istəmir. Xalqın onu başa düşərək dəstəkləyəcəyinə inanan Ş.Abe bu istiqamətədə fəaliyyəti gücləndirməyə çalışır.

Aparılan bütün izahat işlərinə baxmayaraq, Baş nazirin reytinqi durmadan aşağı düşür. Belə ki, Kyodo agentliyinin apardığı son sorğunun nəticələrinə görə, respondentlərin 43,2 faizi Nazirlər Kabinetini dəstəklədiyi halda, 46,4 faizi onun siyasətinin əleyhinədir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az