Natiq Miri:”Müharibə Ermənistanı çökdürəcək”

Natiq Miri:”Müharibə Ermənistanı çökdürəcək”

Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri,politoloq Natiq Mirinin “Vətəninfo”ya müsahibəsi:

- Natiq bəy, Ermənistanda gözlənilən prezident seçkilərinin Dağlıq Qarabağ məsələsinə hansısa bir təsiri olacaqmı?

- Ermənistanda cəmiyyətin böyük əksəriyyətin səsini ala biləcək siyasi qüvvə yoxdur. Ermənistan cəmiyyəti müxtəlif təbəqələrin siyasi-iqtisadi maraqları baxımından parçalanmış vəziyyətdədir. Ona görə də seçkilər demokratik keçirsə belə, mütləq əksəriyyətin səsini ala biləcək siyasi qüvvə yoxdur. Hətta sabiq prezident Ter-Petrosyanın başçılıq etdiyi Konqres belə mütləq əksəriyyətə iddia edə bilməz. Ona görə də seçkinin necə keçirilib-keçirilməməsindən, hansı siyasi qüvvənin qalib gəlməsindən asılı olmayaraq cəmiyyətin böyük əksəriyyətini arxasına alaraq nisbətən müstiəqil və Ermənistanın real mənafeyinə uyğun siyasət yürüdə bilməyəcək. Bu, o deməkdir ki, hakimiyyətdə olan qüvvə əvvəlki siyasətdən fərqli davrana bilmək gücünü özündə tapmayacaq, buna risq etməyəcək və əskidə olduğu kimi yenə Rusiyanın forpostu olmaqda davam edəcək.

-Sizcə, sülh danışıqlarının nəticə verməməsi müharibə təhlükəsi yaradırmı?

-Bəli, müharibə təhlükəsi hər an mövcuddur. Bu, münaqişə tərəflərinin iradəsi kənarında, xaricdən müxtəlif təxribatlarla stimullaşdırıla bilər. Üstəlik, nəzərə alın ki, Azərbaycanla Ermənistan arasında qüvvələr nisbəti çox ciddi səviyyədə Azərbaycanıın xeyrinə dəyişməkdədir və proses davam edəcək. Bu reallığı dünya gücləri gözardı edə bilməz və bu vəziyyət davamlı ola bilməz.

- Əgər,müharibə baş verərsə, bu Ermənistan üçün nə ilə nəticələnə bilər?

- Ermənistanda iqtisadi, siyasi, hərbi və demoqrafik vəziyyət kritik haldadır. Yeni bir uzunmüddətli müharibəni Ermənistanın iqtisadiyyatı və bütövlükdə cəmiyyət qaldıra bilməz. Bu, reallıqdır və bu gerçəyi bütün dünya gücləri bilir. Ona görə də nəyin bahasına olursa, olsun yeni bir münaqişənin qarşısını almağa çalışırlar. Çünki yeni bir münaqişə Ermənistanın tamamilə çökməsinə gətirə bilər ki, bu da ermənilərin havadarlarının geosiyasi maraqlarına uyğun gəlmir.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az