Nazir İsmət Abasov vəzifəsindən uzaqlaşdırılır - EKSKLÜZİV

Nazir İsmət Abasov vəzifəsindən uzaqlaşdırılır - EKSKLÜZİV

Məlumatda deyilir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun yerinə iqtisadi inkişaf naziri Şahin Mustafayevin yaxın adamı sayılan Şirzad Abdullayev hazırlanır.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun tutduğu vəzifədən uzaqlaşdırılmasına hazırlıq görülməsi barədə “Vətəninfo.az”-a məlumat daxil olub. 

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində ciddi dəyişikliklərin baş verə biləcəyi barədə proqnozlaşdırılan məlumatlar özünü doğrultmaq üzrədir. “Belə ki, bəzi dairələrdən kənd təsərrüfatı naziri İsmət Abasovun vəzifəsindən uzaqlaşdırılması, onun yerinə iqtisadi inkişaf naziri Şahin Mustafayevin “sağ əli” sayılan Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin təyin ediləcəyi barədə xəbərlər sızdırılır. Bu cür məlumatların gündəmə gəlməsinin, heç bir qrupa daxil olmayan, hakimiyətdaxili qüvvələr tərəfindən ciddi dəstəklənməyən kənd təsərrüfatı nazirinə qarşı yeni hücumun məqsədi bu işdə marağı olan qüvvələrin bu strateji postu ələ keçirməklə, daha da güclənmək istəyidir və bunu başa düşmək o qədər də çətin deyil. Məhz bunun nəticəsidir ki, son illərdə ölkə rəhbərinin tapşırığı və göstərişi ola-ola kənd təsərrüfatı sahəsinə, aqrar sektorun inkişafına lazımi vəsait ayrılmır, bu sahədə çalışan sahbkarlara İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit vəsaitləri verilmir və fermer təsərrüfatlarının yaradılması süni şəkildə yubadılır. Təbii ki, bu məqsədli, düşünülmüş şəkildə edilir ki, bu sahəyə rəhbərlik edən nazir İsmət Abasovun fəaliyyətinə xitam verilsin. Hətta bunun üçün mətbuatda kənd təsərrüfatı sahəsində mövcud nöqsanlar dilə gətirilir, İ.Abasovun ünvanına tənqidi fikirlər söylənilir, eləcə də yerli istehsalın zəifləməsi, ərzaq təhlükəsizliyi, taxıl məsələləri ilə bağlı düşünülmüş problemlər yaradılır.

Xatırlatmaq yerinə düşər ki, bir vaxtlar Naxçıvan klanı da ölkənin kənd təsərrüfatı naziri postunu ələ keçirməkdə israrlı görünürdü. Lakin sonralar bu planın üstündən vaz keçildi və indi plan yeni ssenari əsasında davam etdirilir. Qərbi Azərbaycan əsilli nazirin elə bu zonadan sayılan Şahin Mustafayevin əli və iştirakı ilə vurulması, məhz naxçıvanlı yox, digər regionu təmsil edən kadrın bu vəzifəyə gətirilməsi inandırıcı görünür.

Ekspertlərin fikrincə, ümumiyyətlə, bu cür planlar Prezident İlham Əliyevin xəbəri olmadan gizli hazırlanır. Baxmayaraq ki, dövlət başçısı özünün rəhbərliyi ilə keçirilən iqtisadi müşavirələrdə ölkənin kənd təsərrüfatı sektorunun inkişaf etdiyini söyləyir. Lakin o da həqiqətdir və heç kəs üçün qaranlıq deyil ki, ictimaiyyətdə kənd təsərrüfatı naziri İsmət Abasovun fəaliyyəti haqqında ciddi mənfi faktlar mövcuddur. Bu gün kənd təsərrüfatı sahəsindəki problemləri saymaqla qurtarmaq olmaz. Təkcə onu demək kifayətdir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında ilbəil azalmalar qeydə alınır, ölkə idxaldan asılı vəziyyətə düşür. Bu problemləri gizlətmək və inkar etmək mümkün deyil. Bu baxımdan İsmət Abasovun vəzifədən çıxarılacağına dair məlumatların qeyri-dəqiq olduğu şübhə doğurmaya bilər.

Bir sözlə, indi İ.Abasovun vəzifədən azad edilməsi hazırda hakimiyyət daxilində ciddi müzakirə mövzusuna çevrilir. Dövlət başçısının bu dəyişikliyə razılıq verib-verməməsini, gizli hazırlanan və gələcəyə hesablanan bu planın nə dərəcədə doğru olub-olmaması maraq doğurur”.

Kənan

“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az