Nevzorov "murdarlanmış" Rusiyadan səkkiz il həbs cəzası aldı və özünü İvan adlandırdı...
"Nevzorov istedadlı jurnalist, tarixçidir, KİV haqqında qanundan kənara çıxmayıb..."
"Mən murdarlanmış Rusiyaya dönməyi düşünmürəm, mənim Ukrayna pasportum var və bununla qürur duyuram..."
Moskvanın Basman məhkəməsi müxalifətçi, publisist Aleksandr Nevzorovu Rusiya ordusu haqqında dezinformasiya yaymasında təqsirli hesab edərək səkkiz il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Moderator.az xəbər verir ki, bu barədə məhkəmə zalından SİTA agentliyi məlumat yayıb.
Publisist Rusiya ordusu haqqında onun rusiyalı hərbçilərin Ukraynanın Mariupol və Buça şəhərlərində törətdikləri cinayətlər barədə "əvvəlcədən saxta" materialların dərc edilməsi ilə bağlı feyk məlumatlar yaymaq maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Rusiya hakimiyyəti müdafiə nazirliyinin məlumatlarına zidd olan istənilən informasiyanı "əvvəlcədən saxta" hesab edir.
"Nevzorov Rusiya Federasiyası CM-nin 207.3 maddəsinin 2-ci hissəsinin "d" bəndi ilə nəzərdə tutulan cinayət törədilməsində təqsirli bilinərək ümumi rejimli koloniyada cəza çəkməklə səkkiz il müddətində azadlıqdan məhrum edilsin. Hökm qiyabi çıxarılıb", - hakim Yevgeniya Nikolayevanın qərarında deyilir.
Jurnalistin cəza müddəti Rusiya ərazisində saxlanılma və ya ekstradisiya vaxtından hesab ediləcək. Bundan başqa, müxalifətçiyə cəzasını çəkdikdən sonra internet-resurslara inzibatçılıq etmək qadağan edilib.
Nevzorovun vəkili Nadejda Fedoseyeva bəyan edib ki, qiyabi hökmdən şikayət edəcəyini planlaşdırır.
"Hökmdən şikayət edəcəyik, çünki Nevzorovun işində cinayət tərkibi yoxdur. Nevzorov istedadlı jurnalist, tarixçidir, KİV-lər haqqında qanuna uyğun olaraq fəaliyyətdə olub, ondan kənara çıxmayıb", - hüquq müdafiəçisi vurğulayıb.
Publisistin özü də Basman məhkəməsinin hökmünə münasibət bildirib.
"Qayıtmağı qətiyyən planlaşdırmıram. Bilirsiniz ki, Hitler Almaniyasının antifaşist müqavimət hərəkatının bir çox üzvləri müharibədən sonra özlərində güc tapıb onlara tamamilə murdarlanmış görünən Almaniyaya dönməyib. Məndə də Rusiya barəsində belə hissiyyat var. Mənim üçün bu, faciə deyil, mən artıq buraya alışmışam, yaşamağı və qazanmağı öyrənmişəm", - Nevzorov "İzah edə bilərik" nəşrinə müsahibəsində deyib.
Ötən ilin aprelin 22-dən müxalifətçi "xarici agent" hesab edilib, 29-dan cinayət işi ilə bağlı axtarışa verilib. Mayın 6-da Rusiya məhkəməsi Nevzorovu qiyabi həbs edib. Hazırda o, xaricdədir və olduğu yeri gizlədir. İyun ayında bəlli olub ki, o, Ukrayna vətəndaşlığı alıb. Nevzorov radikal antiPutin mövqeyindədir və Ukraynanı hərarətlə dəstəkləyir.
"Mənim nə milliyyətim, nə ölkəm var, - Nevzorov deyib. - Mənim Ukrayna pasportum var və bununla qürur duyuram. Lakin Ukraynada məni onsuz da özününküləri hesab ermirlər, məni müttəfiq, dost, Ukrayna uğrunda döyüşən cəngavər kimi qəbul edirlər. Ona görə də mən "nəslini xatırlamayan İvanam".