Son illər ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Özü də göstərilən bu diqqət və qayğı təkcə paytaxt Bakıda deyil, regionlarda da əhəmiyyətli dərəcədə hiss olunur. Respublikamızın ayrı-ayrı rayon və şəhərlərində idman və olimpiya komlekslərinin tikilib istifadəyə verilməsi, yerlərdə müxtəlif idman növləri üzrə məşq salonlarının açılması nəticəsində ölkəmizdə gənc nəslin idmanla məşğul olması artıq kütləvi hal almışdır. Bütün bunlar isə təbii ki, öz bəhrəsini verir. Belə ki, son illər idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, avropa, dünya və Olimpiya çempionatlarında əhəmiyyətli uğurlar əldə edir, dünyanın müxtəlif şəhərlərində ölkəmizin bayrağının əzəmətlə dalğalanmasına, himnimizin qürurla səslənməsinə nail olurlar. Bu gün gənc, müstəqil respublikamızda onlarla avropa, dünya və olimiya çempionu var. Sevindirici haldır ki, bu gün ölkəmizdə bu çempionları gələcəkdə əvəz edə biləcək ümidverici gənc, yeniyetmə idmançılar yetişir. Elə mən də bu yazımda belə ümidverici, yeniyetmə bir idmançıdan - bu günlərdə boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan Respublikası çempionatında 48kq çəki dərəcəsində çempion adını qazanmış Nihad Quliyevdən söhbət açmaq, onu geniş oxucu auditoriyasına daha yaxından tanıtmaq istəyirəm. Nihad Quliyev 1999-cu ildə doğma Azərbaycanımızın ən gözəl, ən ecazkar məkanlarından biri olan Naxçıvan şəhərində anadan olub. Hal-hazırda Naxçıvan şəhər 4 saylı orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdidir. Nihad hələ uşaq yaşlarından idmana maraq göstərməyə başlayıb. Bu maraq onu hələ 4-cü sinifdə oxuyanda Naxçıvan şəhərində fəaliyyət göstərən “Təhsil İdman Mərkəzi”nə gətirir. Balaca Nihad burada boksla məşğul olmağa başlayır. Məşqlərə başladığı ilk günlərdən öz əzmkarlığı, işgüzrlığı ilə məşqçilərin diqqətini cəlb edən Nihad qısa müddət ərzində Naxçıvan Muxtar Respublikasında keçirilən müxtəlif turnirlərdə müvəffəqiyyətlə çıxış edərək mükafatlar əldə edir. Qazndığı uğurlara görə məşqiçilərinin etimadını qazanan Nihad tezliklə onların xeyir-duası ilə respulika əhəmiyyətli müxtəlif yarışlarda iştirak etməyə başlayır. Bu yarışlarda da o bir-birinin ardınca əhəmiyyətli uğurlar əldə edir. Təkcə onu qeyd etmək kifayətdir ki, müxtəlif illərdə boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan Respublikası çempionatında Nihad bir dəfə gümüş, iki dəfə isə qızıl medala layiq görülmüşdür. Yuxarıda qeyd etdiyim kimi Nihad Quliyev bu il yeniyetmələr arasında keçirilən Azərbaycan Respublikası birinciliyində qələbə qazanaraq yeniyetmələrdən ibarət respublika yığma komandasının tərkibində bu il Türkiyə Respublikasının Antaliya şəhərində keçiriləcək Avropa birinciliyində iştirak etmək hüququ əldə etmişdir. Nihadın bu uğurları əldə etməsində istedadlı məşqiçi Məmmədəli Eyvazovun rolu xüsusi qeyd olunmalıdır. Respublikamızın təcrübəli boks mütəxəssisləri Nihadın gələcəkdə daha böyük uğular qazancağına inandıqlarını söyləyirlər. Dünya şöhrətli peşəkar boksçu Əli İsmayılov da yeniyetmə boksçuya böyük ümidlər bəslədiyini bildirir. Yeniyetmə çempionla söhbət zamanı o deyir : “ Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Bir də arzu edirəm ki, torpaqlarımız tezliklə azad olsun və Qələbə münasibətilə Şuşada, Xankəndində keçirilən turnirdə rinqə çıxım...” Müqəddəs arzudur. Mən də bu arzuya qoşularaq Nihada uğular diləyir, bu istedadlı, vətənpərvər idmançımıza Əlincə qüdrəti, tale xoşbəxtliyi arzulayıram !
Abbas Novruzov
Vətəninfo.az