NK-da su ehtiyatları ilə bağlı mühüm müzakirə
Nazirlər Kabinetində su ehtiyatlarının səmərəli idarə olunması müzakirə edilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən "Miq.Az"a verilən məlumata görə, bir həftə əvvəl Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər nazirlərinin, Meliorasiya və Su təsərrüfatı, "Azərsu" və "Azərenerji" ASC sədrlərinin, FHN rəhbərinin müavininin iştirakı ilə ölkədə su ehtiyatlarından səmərəli istifadə olunması məsələsi müzakirə edilib.
Bildirilib ki, qlobal iqlim dəyişikliyi fonunda isə müxtəlif problemlərlə yanaşı, su ehtiyatlarının da azalması müşahidə olunur: "BMT-nın 2019-cu ilin martında açıqladığı hesabatda gösətrilir ki, 1980-ci illərdən başlayaraq su istehlakı ildə 1% artır. Bu o deməkdir ki, son 30 ildə dünyada sudan istifadə təqribən 30% artıb. BMT-nin hesabatında buna səbəb kimi dünya əhalisinin, sosial-iqtisadi inkişaf və istehlak nümunələrinin artımı göstərilir. Gözlənilir ki, sənayedə və məişətdə suya tələbatın artması səbəbi ilə sudan istifadə 2050-ci ilə qədər bu templə artacaq. Bu da indiki istifadə səviyyəsindən 20-30% daha çox istifadə deməkdir.
BMT-nin hesabatında qeyd edilir ki, tələbatın artması və iqlim dəyişikliyinin təsiri ilə su ilə bağlı qlobal gərginlik də artacaq".
Konkret olaraq Azərbaycana gəldikdə, qeyd olunub ki, bu məsələ 2004-cü ildən prezidentin prioritet saydığı məsələlər sırasındadır. Odur ki, Azərbaycan hökuməti də prezidentin prioritetlərinə əsasən problemin Azərbaycana çatmasını və kəskinləşməsini gözləmək fikrində deyil. Ona görə də BMT-nin hesabatındakı xəbərdarlıqları da nəzərə alaraq, prosesləri qabaqlamağı düşünür və məsələni kəskin xarakter almadan həll etməyi planlaşdırır. Ona görə ki, suyun istehlakının artmasına səbəb olan qlobal faktorlar Azərbaycana da aiddir.
Məsələn, Azərbaycan iqtisadiyyatı böyüyür.
1999-2018-ci illərdə ölkə:
- iqtisadiyyatı 5.3 dəfə,
- sənaye 3.4 dəfə,
- qeyri-neft sənayesi 3.4 dəfə böyüyüb.
İqtisadiyyat isə ehtiyatların istifadəsi hesabına artır və bu ehtiyatlardan istifadənin də artmasını qaçılmaz edir.
Başqa tərəfdən, kənd təsərrüfatı da böyüyür, k/t məhsullarının istehsalı artır. Ölkədə 22 iri fermer təsərrüfatı və aqroparklar yaradılıb. Taxıl və pambıq sahələri genişlənir, üzüm plantasiyaları salınır, balıqçılıq vətəgələri yaradılır və s. Hazırda ölkədə 1 milyon 700 min ha əkin sahəsi var. 217 min hektar da çoxillik əkin sahələridir.
Bütün bunlar suvarma üçün böyük su resursları tələb edir və təbii ki, Azərbaycanın k/t sektoru da son 20 ildə böyüdüyü qədər də su istifadə edir, getdikcə ehtiyacı da artır. Ona görə ki, məsələn, iri fermer təsərrüfatları və aqroparkların qısa müddətdə sayının 2 dəfədən çox artırılaraq 51-ə çatdırılması hədəf götürülüb. Odur ki, indiyə qədər iqtisadiyyatın, o cümlədən də k/t-nın böyüməsi su sərfiyyatının artırıb, eyni zamanda iqtisadi artımla bağlı hədəflərimiz də böyükdür və bu səbəbdən də sərfiyyatın getdikcə artacağı da şübhə doğurmur.
Su ehtiyatlarının səmərəli istifadəsi zərurətini yaradan üçüncü bir səbəb isə əhalinin və ölkəyə gələn turistlərin sayının artmasıdır. Əhalinin sayı artıq 10 milyonu keçib. Ölkəyə gələn turistlərin də sayı ildə 1 milyonu ötüb və getdikcə artacağı gözlənilir. Təbii ki, bu sıraya son 20 ildə avtomobillərin sayının xeyli artmasını da əlavə etmək lazımdır.
Dördüncü səbəb iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması, beşinci səbəb isə suyun itkisinin böyük və adambaşına su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olmasıdır.
Bildirilib ki, Nazirlər Kabinetinin bu məsələni müzakirə etməsində məqsəd dünyada gərgin olan bu problemin Azərbaycanda da dərinləşməsinin qarşısını almaqdır: "Yəni söhbət artıq mövcud olan problemin həllindən deyil, gözlənilən, dünyada mövcud olan, inkişaf tendensiyasının məntiqindən doğan problemin qabaqlayıcı tədbirlərlə qarşısını almaqdan gedir. "Problemləri qabaqlamaq, onlar zərər verməyə başlamadan həll etmək, problemdən qabaqda getmək” Prezident İlham Əliyevin indiyə qədər bu məsələyə baxışının təməl prinsipləridir. Məsələnin tarixinə baxsaq, hər şey aydın olacaq. İndi biz 2019-cu ilin sonundayıq və su ehtiyatlarının səmərəli idarəolunması məsələsinin NK-da müzakirəsindən danışırıq. Amma, 2004-cü ildə Prezident İlham Əliyev seçildikdən 3 ay sonra Tovuzçay su anbarının tikintisi dövlət proqramına salındı. 2005-ci ildə Şəmkirçayın tikintisi haqda sərəncam imzaladı, 2007-ci ildə Taxtakörpü su anbarının tikintisinə başlandı. 2013-cü ildə Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, 2014-də Şəmkirçay su anbarı, 2016-cı ildə Tovuzçay su anbarı istifadəyə verildi. Vayxir su anbarının tikintisi isə hələ 2005-ci ildə başa çatmışdı.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə isə 2005-ci ildə başlandı və 2010-cu ildə başa çatdırıldı.
Miq.Az