Bu gün Odlar Yurdu Universitetində Nurullah Gəncin iştirakı ilə “Başarı bədəl istər” mövzusunda konfrans keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, konfransın açılışı Nurullah Gəncin “Başarı bədəl istər” mövzusunda məruzə ilə çıxışı ilə olub. Tədbirdə Universitet rektoru, millət vəkili Əhməd Vəliyev çıxış edərək bildirib ki, bu tədbir xüsusi əhəmiyyətə malikdir:
“Bu dəfə siz Qənirə Paşayevanın dəvəti ilə bura gəlmisiniz. Ümid edirəm ki, önümüzə gələn zaman ərzində siz Universitet tərəfindən Azərbaycana dəvət olunacaqsınız və sizə tərəfimizdən fəxri doktor adı təqdim olunacaq”.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Nurullah Gəncin səfəri , belə bir tədbirdə iştirakı gənclərimiz üçün böyük əhəmiyyət kəsb edir:
“Arzu edirəm ki, belə tədbirlər digər Universitetlərimizdə də keçirilsin”.
Qeyd edək ki, saat 19.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Nurullah Gəncin iştirakı ilə “Şeir və onun fəlsəfəsi” adlı əbədi bədii gecə keçiriləcək.
“Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək gecədə tanınmış xanəndələr, aşıqlar, şairlər, elm və mədəniyyət xadimləri çıxış edəcək.
Xatırladaq ki, Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi , prof.dr Nurullah Gənc may ayının 3-dən Azərbaycanda səfərdədir.
Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin prezidenti Qənirə Paşayevanın dəvəti ilə həyata keçirilən səfər, öz ölkəsində böyük nüfuzu olan türk ziyalısının respublikamızın çağdaş ədəbi, elmi-mədəni mühiti ilə, ümumən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması, eyni zamanda Azərbaycan oxucusunun onu yaxından tanıması məqsədinə xidmət edir.
Azərbaycanda olduğu vaxt ərzində bir sıra digər görüşləri də nəzərdə tutulan N.Gənc Atatürk Mərkəzi, Yazıçılar Birliyi, Gəncliyə Yardım Fondu və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də ziyarət edəcək; habelə Salyanda türkoloq –alim Azər Turanın müəllifi olduğu “Darüllöminin” kitabın təqdimat mərasiminə qatılacaq.
Mirvari Nəcəf