Orduya, onun komandirlərinə qarşı inamsızlıq, etimadsızlıq yaratmağa çalışırlar

Orduya, onun komandirlərinə qarşı inamsızlıq, etimadsızlıq yaratmağa çalışırlar

"Onlar heç bir siyasi mənsubiyyəti olmayan qurumlardır və əmrə tabe insanlardır..."

İndi yazacağım və sizlərin diqqətinizə çatdırmaq istədiyim qeydləri əsla istəmərəm ki, harasa yozasınız. Onu da yaxşı anlayıram ki, sizlərlə bölüşmək istədiyim fikirlər birmənalı qarşılanmayacaq və kimlərsə məni tənqid, ittiham edəcək, hətta vəziyyətdən hali olmayanlar isə öz baxış bucağından olmazın fikirlər də yaza bilərlər.

Amma, çox istərdim ki, dəyərli virtual sosial şəbəkə istifadəçiləri, media məkanımızda çalışan hər kəs yazacağım qeydlərə soyuq başla, dövlətçilik nöqteyi-nəzərindən yanaşsınlar.

Son vaxtlar Azərbaycanda baş verən proseslər, kadr dəyişiklikləri fonunda bəzi yoldaşlar Silahlı Qüvvələri, onun ən böyük güc sahibi sayılan, düşmənlə üz-üzə dayanan Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin rəhbər şəxslərini də bu sıraya qatmağa cəhdlər edirlər. Bu qətiyyən yolverilməzdir və unutmayaq ki, hər iki qurum bu gün Azərbaycan Dövlətinin məkrli düşmənimiz olan Ermənistanla, onun açıq və gizli dəstəkçisi olan havadarları ilə ölüm-dirim savaşında ümid və güvənc yerləridir.
Siz nə edirsiniz, dəyərli dostlar?!Məgər sizlər bilmirsiniz ki, heç bir halda güc strukturlarını siyasi oyunlara və proseslərə qatmaq olmaz?!. Onlar heç bir siyasi mənsubiyyəti olmayan qurumlardır və əmrə tabe insanlardır.

Kiminsə kimdən xoşu gəlməyə bilər. Amma, belə yanaşma qətiyyən Silahlı Qüvvələrə münasibətdə olmamalıdır və bu çox təhlükəlidir.

Ermənistanın həm əvvəlki, həm də hazırkı hərbi-siyasi rəhbərliyinin və havadarlarının da ən çox arzuladığı, can atdığı məsələ Azərbaycanda insanların öz ordusuna, onun rəhbər şəxslərinə qarşı inamsızlığı və güvənsiz olması ovqatını yaratmaqdır.

Özüm Müdafiə Nazirliyinin mərkəzi aparatında, daha sonra ayrı-ayrı hərbi hissə və bölmələrində xidmət keçdiyim zamanlarda, sonralar da keçmiş rəhbərliyin, elə indiki komandanlığının müxtəlif sahələr üzrə iş üslubu ilə bağlı tənqidi fikirlər də yazmışam və açıq söyləmişəm. Amma, gəlin etiraf edək ki, bu gün həm vəziyyət son dərəcə başqadır, həm də ən önməlisi beynəlxalq aləmdə ölkəmizə qarşı xüsusən də ərazi bütövlüyümüzlə bağlı çox böyük ədalətsizliklər mövcuddur. Bu vəziyyət get-gedə daha da dərinləşir, daha da qabarıq şəkildə özünü göstərir. Belə bir halda sosial şəbəkə istifadəçiləri olan dostlarımız, bəzi media mənsubları daha da diqqətli olmaq əvəzinə, çox kobud və bağışlanılmaz səhvlərə yol verirlər. Orduya, onun rəhbər şəxsləri sayılan komandirlərinə qarşı inamsızlıq, etimadsızlıq mühiti yaratmağa çalışırlar. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan ordusunun yaxşısı da, pisi də bizimdir. Məhz dövlət kimi dünya ölkələri arasında olmağımızın əsas səbəbkarları da əsgər, zabit və generallarımızdır.

Mən əsla demirəm ki, Silahlı Qüvvələrimizdə hər şey ideal və əladır. Nöqsan və çatışmazlıar olub, var və olacaq. Bu Amerika, Rusiya, qardaş Türkiyə və yüzlərlə başqa dövlətlərin ordularında da olub, var və olacaq.

Heç kim də vəzifəsində əbədi deyil. Kimlərə görəsə bütövlükdə mənfi ab-hava yaratmaq isə əsla düzgün deyil. Əgər onlar bu gün vəzifələrinin başındadırlarsa, deməli ölkənin siyasi-hərbi rəhbərliyi belə məqsədəuyğun sayır və bütün məsuliyyəti də onlar daşıyırlar.

Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini, bütövlükdə Ordusunu qorusun!
Azərbaycan ƏSGƏRİNƏ ESQ OLSUN!

Üzeyir Cəfərov, Hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az