“Çox darıxdırıcı bir həyat keçirirəm”

“Çox darıxdırıcı bir həyat keçirirəm”

Rasim Balayev: “Bugünkü serial və kinoların hamısı xalturadır; ...hələ bundan da pis olacaq...”

Böyük sənətkarımız, xalq artisti Rasim Balayev virtualaz.org saytına bir neçə ay öncəki müsahibəsində onu sıxan boz mühitdən, zəmanədən, deməli, əslində hər şeydən şikayətlənmişdi. Nəhəng aktyorumuz xüsusilə də yaradıcılıq, sənət, mədəniyyət sahəsindəki durğunluqdan narazı idi.

Azman sənətkarımızla yenidən hal-əhval tutub kefini, işini-gücünü soruşduq. Cavablar yenə bədbin notlar üstündə quruldu...

- Rasim müəllim, necəsiniz, nə yenilik, nə xəbər-ətər var?

- Heç nə yoxdur.Yenilik də belədir ki, rollara çəkilməklə bağlı təkliflər gəlir, ancaq qəbul etmirəm. Çünki mənlik deyil. Mənim yaratdığım o şedevr əsərlərdən sonra belə primitiv rollarda, seriallarda, kinolarda çəkilmək olmaz. Xalq yaşıma-başıma gülər. Kino üçün darıxıram. Amma nə etmək olar?! Çəkimi, səviyyəmi yerində saxlamalıyam. İndən belə tamaşaçı Rasim Balayevi bugünkü seriallarda, filmlərdə görsə, o, gözdən düşər.

- Xoşunuza gəlməyən nədir?

- Heç xoşuma gələn bir şey var ki? Xoşuma gəlməyənləri sadalayım. Mən gedib oradakı ortamı və ab-havanı dəyişə bilmərəm. Oradakı mühit məni özünə çəkmir. Mən heç nəyi dəyişə bilmərəm. Axı əsər, dramaturgiya, ssenari - bunlar mənlik deyil. Mən aktyoram. Rol verirlər ki, Rasim müəllim, bunu canlandırarsınızmı. Mən də rolla tanış oluram və əsəbiləşirəm. Elə bilirəm məni ələ salırlar. Mən indən belə durum bu rolu necə oynayım? Axı onda o birilərdən fərqim qalmaz.

- Səhhətiniz necədir? Problem var idi, indi necəsiniz?

- Mədəmdə çox ağrılar var idi. Uzun zaman xəstə yatdım. İndi pəhrizdəyəm. Müalicəm davam edir. Bütövlükdə darıxdırıcı bir həyat keçirirəm. Kino üçün darıxıram. Fikirləşirdim ki, bu yaşımda daha nələr edəcəyəm. Ancaq indi əli-qolu bağlı evdə oturmağım məni sıxır. Arzum bu idi ki, nə qədər canım sağlamdır, bu sənəti ucaldım. Ancaq bu gün çox əziyyət çəkirəm. Təəssüf edirəm ki, bu gün imkanlarımdan yetərincə istifadə edə bilmirəm.

- Rejissor işini bəyənmirsiniz, yoxsa rolları?

- Heç birini. Məndə ömür boyu ssenari olmayıb. Rol veriblər, oynamışam. İndi ifa edəcəyim rolu gətirib mənə çəkiliş meydançasında təqdim edirlər. Deyəndə ki bu nədir, deyirlər bu rolu oynayacaqsan. Ay qardaş, rol oynamaq su içmək deyil axı. Bir dəfə oxumaqla da rol oynamaq olar? Ona görə də bu gün kinonun, teleserialların səviyyəsi bu gündədir. Bugünkü seriallar, kinolar sənət əsəri deyil. Hamısı xalturadır. Mətni aktyora çəkiliş meydançasında verirlərsə, nəticə də belə olmalıdır də. Sənət qalıb kənarda, ticari bir iş qoyublar ortaya. Bu da xoşuma gəlmir.

- Rasim bəy, kinoya dəvət edəndə sizə də digər aktyorlara verilən məvacib qədər maaş verilir?

- O tərəfi məni heç o qədər də maraqlandırmır. Uzağı 50 manat artıq verirlər. Məvacib çox azdır. Mən Türkiyədə çəkilmişəm, Almaniyada rollar almışam, Ukraynada çəkilmişəm. Amerikadan heç danışmıram, o - heç. Rusiya seriallarına çəkilən aktyor və aktrisalar nə qədər pul alır, bilirsinizmi? Onların günü 25 min dollardır. Amma Azərbaycanda 250 manatı zorla verirlər. Hər şeyə pul xərclənir, bircə sənətə gələndə gözləri bağlanır.

- Niyə? Axı prezident 6 milyon manat ayırdı seriallara. Dünyanın heç bir ölkəsində seriala pul ayrılmır. Pul hara gedir, bəlkə siz biləsiniz?

- Nə olsun pul ayrılıb?! Onun aktyora, aktrisaya nə dəxli var?! On günə çəkilən materialı bir günə çəkib qurtarırlar. Bu isə sadəcə yalnız xalturadır. “Kinoya baxış” deyə bir anlayış var, təkcə çəkməklə iş bitmir. Mənasız dialoqlar, bayağı yerlər, səhnəciklər - bunların hamısı baxışda kəsilib çıxarılmalıdır. Darıxıram kinoya çəkilmək üçün, ancaq susuram. Çünki içimdəki istəyi söndürürlər, qalıram partlaya-partlaya. Mən heç nə edə bimirəm.

- Bəs bu boşluğu necə doldurmaq olar? Bir peşəkar kimi nə təklif edirsiniz?

- Guya mənim sözümə qulaq asacaqlar?! Bu işlər kompleks şəkildə düzəlməlidir. Yoxsa hələ bundan da pis olacaq. 

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az