"Çox istərdim ki, məni də onun kimi sevsinlər"

Vətəninfo.az növbəti mövsümün hazırlıqlarını Türkiyənin Kapadokya bölgəsində davam etdirən "Xəzər Lənkəran” klubunun yeni transferi Vaqif Cavadovun apasport.az saytına müsahibəsini təqdim edir:

 

- Ötən mövsüm PTT 1-ci liqasında 2 klubun – öncə "Qazinatep BB”, sonra isə "Boluspor”un formasını geyindiniz. 11 oyun keçirdiyiniz Bolu təmsilçisindən ayrılmağınıza səbəb nə idi?

- Komandanın maddi problemləri var idi. Digər yandan, ailə problemləri ucbatından Vətənə qayıtmağa məcbur idim. Az oynamağımın qayıdışıma heç bir təsiri yoxdu. Müqaviləm də davam edirdi. Sadəcə, belə qərara gəldik ki, Azərbaycana qayıdım, həmin vaxtlarda da "Xəzər Lənkəran”ın məni istəməyi üst-üstə düşdü.

 

- Cəmi 1 qol vurduğunuz "Boluspor”da çıxışınızı necə dəyərləndirərdiniz?

- İlk dövrədə demək olar bütün görüşlərdə oynadım. "Qaziantep BB”də ikisi çempionat, biri kubokda olmaqla, 3 qol vurdum ki, debüt ili üçün pis göstərici deyil. Yəqin razılaşarsınız, Türkiyə çempionatı ağır birincilikdi. Ora tam uyğunlaşmaq üçün minimum 1-2 il oynamaq lazımdı. Ümumilikdə, məndə adaptasiya prosesi daha tez keçmişdi. İlk dövrədə uyğunlaşmaqda problem olmadı. Ancaq nədənsə, Boluda heç kimə məlum olmayan səbəblərdən baş məşqçi mənə şans vermədi. Halbuki, komandaya onun istəyi ilə gəlmişdim. Bu fikirlərimiz "Boluspor”un prezidenti də təsdiqləyər. Az oynamağıma baxmayaraq, azarkeşlərin sevimlisi idim. Çünki meydana çıxdığım görüşlərdə ya qol vururdum, ya da məhsuldar ötürmə verirdim. Əlbəttə, daha çox oynamağı, daha çox qol vurmağı mən də istərdim. Bu baxımdan deyə bilərəm ki, ikinci dövrəni tam istədiyim kimi keçirə bilmədim.

 

- Baş məşqçinin sizə şans vermədiyini vurğuladınız. Bir müddət əvvəl yığmamızın üzvü Cavid İmamverdiyev mətbuata müsahibəsində türkiyəli çalışdırıcıların azərbaycanlı futbolçulara sanki düşmən gözü ilə baxdığını demişdi. Sizə qarşı münasibət necə idi: özünüzə qarşı laqeydlik hiss edirdinizmi?

- Hazırda mən Türkiyə çempionatında oynamıram, nəsə desəm, kiminsə arxasında danışmaq kimi qəbul olunar. Bununla belə, bizə qarşı münasibət heç də yaxşı, qardaş münasibəti deyildi.

 

- Bəlkə problemə səbəb azərbaycanlı futbolçuların məşqə ciddi yanaşmamağı idi?

- Xeyr. Kənarda o qədər də yox, ancaq ögeylik meydanda hiss olunurdu. Onlar elə düşünürlər ki, Azərbaycanda nə futbol var, nə də futbolçu.  

 

- Belə deyək, Azərbaycanda həqiqətən də güclü futbolçu varsa, Avropanın aparıcı çempionatlarını demirik, niyə heç olmasa, qonşu ölkələrdə davamlı oynaya bilmirlər? 

- Bilirsiniz, azərbaycanlı futbolçular transfer olunduqları klubların heyətində ən güclülərdən olublar. Mən "Elazığspor”a qarşı oynadım, inanın ki, meydanda ən yaxşılardan biri Cavid İmamverdiyev idi. Qol vursa da, məhsuldar ötürmə versə də, növbəti qarşılaşmada ehtiyatda qalırdı. Niyə axı? Baş məşqçi məni çox istəyirdi, ancaq şans verməməyi şübhəli idi. Nə edəsən, futbolçu həyatı belədi. Bir mövsümü yaxşı keçirirsən, o birini pis.  Biz legioner həyatı yaşamaq istəyiriksə, uşaqlıqdan valideynlər xarici ölkəyə köçməli, futbolçu həmin ölkədə "yetişib”, əsas komandaya kimi yüksəlməlidi. Əgər uşağın potensialı varsa, valideyn ona dəstək olmalıdı. Gürcülərin və digər ölkələrin futbolçuları da əsas buna görə xaricdə rahat oynaya bilirlər. Ancaq bizdə valideynlər övladlarını tək buraxmırlar, özləri də getmirlər. Necə getsinlər? Ev yox, şərait yox.

 

- Yəni, azərbaycanlı futbolçuların xarici çempionatlarda oynaya bilməməyində günahkar onların valideynləridi?

- Əlbəttə. İnanmıram ki, hansısa valideyn 10 yaşından sonra övladını xarici ölkəyə buraxsın. Məsələn, ən yaxın Rusiyaya belə buraxmazlar ki, uşaq orda məktəbə getsin, həm də məşq edib futbolçu kimi yetişsin. Hər bir klubun internatı var, məktəbə gedirsən, məşq edirsən, hərtərəfli hazırlayırlar. Bunlar isə bizlik deyil. Əgər bu kimi hallar olsa, onda bizim futbolun səviyyəsi qalxar. Yoxsa, bizim Avropada uğur qazanmağımız çətindi. Bilirsiniz, bu işlər həm də reytinq məsələsidi. Əgər indi davam edən Avropa çempionatının seçmə mərhələsində nəticə versək, ən azından 3-cü yer tutsaq, onda bütün diqqətlər bizdə olacaq. Bizimlə də maraqlanacaqlar ki, ordan kimi ala bilərik. Türkiyədə, Rusiyada və digər Avropa ölkələrində gənc futbolçulara U-19 və ya U-21-i oyunlarına baxırlar, yaxşı futbolçu görən kimi öz heyətlərinə cəlb etmək istəyirlər.

 

- "Boluspor”dan ayrılmağınıza səbəb kimi, ailə problemini göstərdiniz. Bəlkə, əsl səbəb evlənmək istəməyinizlə əlaqəlidi?

- (gülür) Siz bunu hardan bildiniz? Bəli, toyum olacaq. Əsas səbəblərdən biri də budu. Həmişə demişəm ki, ailə mənim üçün hər zaman öndədi. Neçə illərdi ailə problemimin olduğunu deyirdim. İndi də öz ailəmi qurmaq istəyirəm. Ancaq bu, sırf həyat yoldaşımla əlaqəli deyil. Yəni, futbolçuyamsa, mən harda, xanımım da yanımda olmalıdı.  

 

- Toyun dəqiq vaxt bilinirmi?

- Sentyabrda olmalıdı. Elə vaxt təyin etmişik ki, çempionat oyunları ilə üst-üstə düşməsin. İnşallah, siz də dəvətlilər arasında olacaqsınız.

 

- Qayıdaq yenidən "Boluspor”a. PTT klublarının maddi problemlə üzləşdiyi çoxlarına məlumdu. Bildiyimiz qədərilə bu komandanın sizə borcu var...

- Türkiyədə maliyyə problemi hər klubda var. Yəni, maaşların ödənməsindəki gecikmələr hər bir klubda ola bilər.

 

- Konkret, sizə nə qədər borcları qalıb?

- Düzdü, borcları var, ancaq ödəyəcəklərinə söz veriblər.

 

- Əminsiz ki, bu məsələyə görə FİFA-ya şikayət etməyəcəksiniz?

- Əlbəttə, bütün sənədləri almışam. Mən elə futbolçu, elə insanam ki, heç vaxt hansısa klubla mübahisənin yaranmasını istəməmişəm. İnsandan çox şey asılıdı. Necə rəftar eləsən, səninlə də o cür davranacaqlar. Qısaca olaraq, ciddi problem yoxdu.  

 

- Keçək yeni komandanıza. "Xəzər Lənkəran” təxminən 3 həftədi Nevşehirdə hazırlıq keçir. Toplanış barədə nə deyə bilərsiz?

- Düzdü, artıq 22 gündü burdayıq, amma vaxtın belə tez keçdiyini hiss eləmədik. Məşqlər çox yüksək səviyyədə, yüksək tempdə keçir.

 

- Vaxtın belə tez keçməsi bəlkə komanda daxilindəki ab-havanın yüksək olmasından irəli gəlir?

- Əlbəttə, komandada atmosfer çox yüksəkdi. Əgər kollektiv fərqli olsaydı, bəlkə də vaxtın belə sürətlə keçdiyini hiss etməzdik. Əla məşq eləmişik, yaxşı hazırlıq keçmişik. Əsas odu ki, bu hazırlıqlar çempionatda öz xeyrini versin. Toplanış çərçivəsində keçirilən oyunlarda qələbə qazana, uduza bilərik, bu, vacib deyil. Ancaq kimin hazır olub-olmadığını çempionatda biləcəyik. Fikrimcə, qarşıdakı çempionat daha maraqlı olacaq. Topaz Premyer Liqasında yeni komandalar var, heyətlərinə yaxşı futbolçular cəlb ediblər. Biz də çempionata yaxşı hazırlaşırıq. Baş məşqçi Yunis Hüseynov yaxşı heyət qurub. "Xəzər Lənkəran” həmişə çempionluğa oynayan komandadı. Bu il də iddiamızı davam etdirməliyik. Heyətdə yerli futbolçular çoxluq təşkil edir, istərdik yaxşı nəticə verək, o da bizdən asılıdı.

 

- Yaxşı nəticə, yəni titul qazanmaq üçün komandada çatışmayan nədi?

- Çatışmayan heç nə yoxdu. Yunis müəllim yaxşı məşqçidi, futbolçuların çoxu milli üzvləridi. Sadəcə, baş məşqçinin tapşırığını yerinə yetirmək, hər zaman çalışmaq və öz bacarığımızı göstərmək lazımdı. Əgər hər bir futbolçu bunu dərk eləsə, həvəsdən düşməsə, "Xəzər Lənkəran” bu il yaxşı nəticə qazanacaq.

 

- Siz indiyədək Lənkəran şəhər stadionuna rəqib komandanın futbolçusu kimi çıxmısınız. Bu dəfə isə vəziyyət fərqlidi. Yerli azarkeşlər yeni transferlərə, əsasən milli komanda üzvlərinə böyük ümidlər bəsləyirlər. Etimadı doğrultmayan futbolçu üçün lənkəranlı fanatlar qarşısında oynamaq o qədər də asan olmayacaq...

- Bəli, bir neçə dəfə həm "Qarabağ”, həm "İnter”in heyətində Lənkəranda meydana çıxmışam. Hiss eləmişik ki, orda oynamaq həmişə çətindi. "Xəzər Lənkəran” istər iddialı, istərsə iddiasız olsun, yerli azarkeşlər qarşısında oynamaq həmişə çətindi. Mən şəxsən "Xəzər Lənkəran” azarkeşləri ilə həmişə yaxşı münasibətdə olmuşam, onlara böyük rəğbətim var. Əgər azarkeş futbolçunu sevirlərsə, bu, sırf futbolçunu özündən asılıdı. "Xəzər Lənkəran” böyük bir camiədi, çox istərdim ki, məni də Zaur Ramazanov kimi sevsinlər. Mən də belə olacağına çalışacam. Öz oyunumuzla onları sevindirməliyik.  

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az