Məşhur rus estrada müğənnisi Stas Mixaylov 27 aprel 1969-cu ildə Soçi şəhərində anadan olmuşdur. Stasın atası Vladimir Mixaylov təyyarəçi, anası Lyubov Mixaylova isə tibb bacısı idi. Heç kəsin ağlına gəlməzdi ki, adi bir sovet ailəsində böyüyən bu oğlan gələcəkdə məşhur artist olacaq. Orta məktəbi bitirdikdən sonra böyük qardaşı və atasının yolu ilə getməyi qərara alan Stas Minsk mülki aviasiya məktəbinə daxil olur. Əgər o sonadək aviasiyada qalsa idi, yəqin ki, biz heç vaxt istedadlı müğənni, bəstəkar Stas Mixaylov haqqında heç nə bilməyəcəkdik. Lakin Stas qisa bir müddətdən sonra aviasiya məktəbindən uzaqlaşaraq Ordu sıralarına yollanır. Hərbi xidmətini başa vurduqdan sonra o, Tambov Mədəniyyət İnstitutuna daxil olur.
1992-ci ildə Stas Mixaylov Moskvaya gəlir. Burada o müxtəlif musiqi müsabiqələrində iştirak edir və Brunovun rəhbərliyi altında Moskva estrada teatrında işləməyə başlayır. Elə həmin il Stas "Свеча" mahnısını yazdırır və bu mahnı müğənninin gələcək uğurlarının vizit kartı olur. 1997-ci ildə Stasın "Свеча" adlı ilk musiqi albomu işıq üzü görür. 2002-ci ildə müğənni "Посвящениe" adlı növbəti albomunu yazdırır. Bu albomun əvvəlcə az tirajla buraxılacağı ehtimal olunsa da, lakin sonradan bu diskin dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını görən müğənni onu bir neçə dəfə təkrar buraxdırmalı olur.
2004-cü ildə Stasın "Позывные на любовь" adlı albomu satışa çıxarılır. Elə həmin il müğənni "Половинка" adlı mahnısına klip çəkdirir. 2005-ci ildə isə "Шансон" radiosunun dəstəyi ilə müğənninin "К тебе иду" adlı diski işıq üzü görür.
Estrada həvəskarları 2006-cı ildə böyük maraqla Stasın "Берега мечты" adlı albomu və bu albomun baş mahnısına çəkdirdiyi kliplə tanış olmaq imkanı əldə edirlər. Elə həmin il Moskvanın "Космос" konsert zalında müğənni özünün ilk solo konseti ilə tamaşıçıların qarşısına çıxır.
2007-ci ildə Kreml Dölət Sarayının səhnəsində Stas Mixaylovun "Небеса" adlı albomunun təqdimat mərasimi keçirilir. Az sonra isə müğənni "Странник" adlı yeni mahnısına klip çəkdirir.
2008-ci ilin dekabrında Sankt-Peterburq şəhərinin "Октябрьский" böyük konsert zalında Stasın anşlaqla keçən konsertləri təşkil olunur. Müğənni bu konsert proqramı ilə həmin ilin mart ayında Moskva tamaşaçıları qarşısında da uğurla çıxış edir.
2009-cu ildə Stas "Шансон" radiosu tərəfindən "İlin artisti" tituluna layiq görülür. Həmin il Kreml Sarayında Stas Mixaylova "Между небом и землей" mahnısına görə ilk dəfə "Qızıl qrammofon" Milli mükafatı təqdim olunur. Müğənni 2010-cu və 2012-ci illərdə də bu mükafata layiq görülür.
Müxtəlif vaxtlarda uğurlu konsert proqramları ilə çıxış edən, maraqlı musiqi albomları yazdıran, kliplər çəkdirən Stas Mixaylov 2010-cu ildə "Rusiyanın əməkdar artisti" fəxri adına layiq görülür. Həmin il Stas "İlin müğənnisi" nominasiyası üzrə keçirilən sorğuda Flip Kirikorov və Nikolay Baskovdan sonra üçüncü olur.
Stas Mixaylov istedadlı müğənni olmaqla bərabər ölkəsinin ictimai-siyasi həyatında da fəallıq nümayiş etdirir. 1912-ci ildə o, Rusiya Federasiyası prezdentliyinə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndəsi olmuşdur.
Səhnədə böyük uğurlara imza atan Stas Mixaylovun ailə həyatını o qədər də uğurlu saymaq olmaz. Beləki, ilk dəfə 1996-cı ildə İnna Qorbla ailə həyatı quran müğənni 2003-cü ildə ayrılır. Az sonra Stas müğənni Valeriyanın bacısı Natalya Zotova ilə vətəndaş nigahı ilə ailə qursa da bu ailə həyatı da uzun çəkmir. 2006-cı ildə Stas "Miss Kirovoqrad-89" müsabiqəsinin qalibi, futbolçu Andrey Kançelskinin həyat yoldaşı olmuş İnna ilə tanış olur. Bu tanışlıqdan sonra birgə yaşayan cütlük nəhayət, 2011-ci ildə onlar öz münasibətlərini rəsmiləşdirirlər. Stasın birinci ailəliyindən bir oğlu, ikinci ailəliyindən isə bir qızı var. İnna ilə nigahından isə iki qızı var. İnnanın isə birinci niğahından bir oğlu və bir qızı var.
Məşhur müğənnin bu günlərdə Bakıda böyük proqramla konsert verəcəyi gözlənilir. İnanırıq ki, istedadlı müğənni maraqlı çıxışları ilə tələbkar Azərbaycan tamaşaçısının zövqünü oxşaya biləcəkdir.
Günel Novruzlu
Vətəninfo.az