Poliqonda həlak olan əsgərə şəhid statusu verilməyib - FOTOLAR

Poliqonda həlak olan əsgərə şəhid statusu verilməyib - FOTOLAR

Ailənin müraciətinə dövlət qurumları mənfi cavab verir

Göygöl rayon sakini Hacıyeva Elmira Əli qızı mərhum həyat yoldaşı  Hacıyev Rasim Məmməd oğluna şəhid statusunun  verilməsi ilə bağlı müvafiq dövlət təşkilatlarına edilən müraciət nəticəsiz qalıb.

R.Hacıyev Şəmkir rayonu Seyfəli poliqonunda 22.12.1993-cü ildə təlim zamanı mərmi partlayışı nəticəsində həlak olub. Ona şəhid statusu verilməyib və bu Hacıyevlər ailəsinin narazılığına səbəb olub. 

Şikayətçinin sözlərinə görə, könüllülərdən ibarət əsgərlərin təlimi zamanı mina partlayışı nəticəsində R.Hacıyevlə bərabər şəhid olan şəxslərin bəzilərinə şəhid statusu verilib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi vətəndaşın müraciətinə cavabda bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107 nömrəli qərarın  tələblərinə uyğun olaraq, 1965-ci il təvəllüdlü R.Hacıyevə şəhid adının verilməsinə aydınlıq gətirilməsi məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinə sorğu-məktub göndərilib. Lakin alınan cavablar qanunvericiliklə müəyyənləşdirilmiş qaydada qərar qəbul edilməsində çətinliklər yaradır. Bu da mərhum R.Hacıyevin yaxın qohumlarının narazılığına və şikayətlərinin çoxalmasına səbəb olur.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03.09.1993-ca il tarixli qanunu, Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” qərarına əsasən Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.  Göstərilən qanun və qərarın tələbinə əsasən mərhum R.Hacıyevin şəhid hesab edilməsinə qanunu əsas yoxdur. O da bildirilir ki, Seyfəli poliqonu Şəmkir rayonunun ərazisinə aiddir və döyüş zonası sayılmır. /bizimyolinfo/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az