«Əvvəla hüquqi müstəvildə ciddi mübarizə aparmaq lazımdır. Yəni bir dəfə ATƏT-in faktaraşdırıcı missiyası yaradıldı və o, məskunlaşma ilə bağlı məsələləri guya öyrəndi. Yalnız Laçında, Kəlbəcərin bir hissəsində müəyyən qədər adamın yerləşdirilməsi barədə səthi məlumat verdi».
Bunu «Vətəninfo.az» saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycan əlində olan imkanlarla kəşfiyyat orqanları və başqa qurumların vasitəsilə məskunlaşmanın səviyyəsini dəqiq öyrənməlidir: «Bu, çətin problem deyil. Bundan sonra artıq beynəlxalq orqanlara şikayətlər edilməlidir. Bu da ATƏT-lə məhdudlaşmamalıdır. Hər şey operativ surətdə həll olunmalıdır. ATƏT-lə yanaşı BMT-nin Təhlükəsizlik Şurasına da müraciət edilməlidir. BMT-də xüsusi orqanlar var ki, bu işlərlə məşğuldur. Yəni Azərbaycan torpaqlaprının ilhaq edilməsindən başqa, bunun qanuniləşdirilməsi üçün məskunlaşdırma siyasəti aparılır. Yəni bu təcavüzkarlığı sübut edən qabarıq formadır. Bu nöqteyi-nəzərdən Azərbaycan hətta Haaqa məhkəməsinə qədər gedib çıxmalıdır. Təkcə siyasi deyil, həm də beynəlxalq hüquqi təşkilatlara şikayətlər olunmalıdır. Zənnimcə, bu məsələlərlə məşğul olan xüsusi hüquqşünaslar qrupu ayrılmalıdır. Həmin qrup faktların təcili toplanması və beynəlxalq hüququn normalarına uyğun olaraq, məsələnin məhkəməyə çıxarılması ilə məşğul olmalıdır. Fauna və floranın məhvi, hətta başdaşıların sındırılması və digər vəhşilik faktları da diqqətə çatdırılmalıdır. Bunlar erməni barbarlığını sübut edən faktlardır. Ermənilərin əlində bir dənə belə fakt olsa onu dünya ictimaiyyətinin diqqətinə 50 dəfə çatdırar. Bizim əlimizdə bu qədər faktlar olsa da, onu beynəlxalq gündəmə çıxara bilmirik».
Firudin