Əvəzsiz adam
Gözlənilməz Sərəncamlara gəlincə, bunlardan biri Yaponiya səfiri vəzifəsilə əlaqədardır. Bugünkü Sərəncamla həmin vəzifəyə Gürsel Qüdrət oğlu İsmayılzadə təyin edilib. Sərəncamın gözlənilməzliyi ondadır ki, Gürsəl İsmayılzadə cəmi 1 il 2 ay 3 gün (rəqəmlərin ardıcıllığı da diqqətçəkicidir) bundan əvvəl həmin vəzifədən geri çağırılmışdı. Bu müddət ərzində onun yerinə təyinat olmamışdı. İndisə eyni adamın yenidən eyni vəzifəyə təyin olunması istər-istəməz ağla bu sualı gətirir: Niyə geri çağırılmışdı, niyə yenidən təyin edildi? Görünür, Gürsəl İsmayılzadə Yaponiya üçün əvəzedilməz şəxsiyyətdir.
Şeyx özünü bağışlada bilib
Ölkə başçısının digər gözlənilməz Sərəncamı isə Adış Sakit oğlu Məmmədovun Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsidir. Məsələ burasındadır ki, Adış Məmmədov Şeyxülislam Allahşükür Paşazadənin kürəkənidir. İki il bundan əvvəl şeyxin digər kürəkəni Əlihüseyn Salahzadə "Azərsu”nun nəzarətçisini döydüyünə görə həbs olunmuş, oğlu Məhəmməd Paşazadə isə ölkədən qaçıb İstanbula sığınmışdı. O, cəlai-vətən olmasının səbəbini isə mətbuatın atasına qarşı hücumlarını göstərmişdi. Dolayısıyla Azərbaycandan "küsdüyünü” təsdiqləmişdi. Bu iki hadisənin ard-arda baş verməsi hər kəsdə bu fikri formalaşdırmışdı ki, deyəsən, Şeyxin qələmi qırılıb. İndi onun digər kürəkəninin Çex Respublikasına səfir təyin olunması onu deməyə əsas verir ki, Şeyx özünü bağışlada bilib.