Prezidentin yeni köməkçisindən yeni açıqlama

Prezidentin yeni köməkçisindən yeni açıqlama

Şəffaflılığın təmin edilməsi üçün Palata kollegial idarəçilik prinsipləri ilə idarə olunacaq bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi ölkə başçısı tərəfindən müəyyən ediləcək və bu andan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir. Bu kontekstdə, ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, bu sahədə tənzimlənmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında qərar qəbul edilib.

Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, Palata həmçinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək.

Maliyyə bazarlarında vahid tənzimləyici yanaşması qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az