Qəribəlik

Qəribəlik

Vahid Aslan 

AYB üzvü

Biz azərbaycanlılar

Qəribə adamlarıq,

Vətən nə  olduğunu

Anlamırıq hələ də;

Məsələn Qarabağı

Sevmirik Bakı qədər,

Bakı bizdən ötəri

Həm kənddi, həm də şəhər:

Didərginlər Bakının,

Qaçqınlar Bakınındı,

Neft Bakının,

Neftdən ağır dərd Bakının...

Ormanları, otlaqları,

Dağları, yaylaqları

Qoyub qaçanların

Arxasınca qoyunlar da

Bakıya qaçıb gəlir,

(qoyunlar yeyəcək

Bakını bir gün...)

...Bakıda torpaq

Yaman bahadı,

Dünən ölən dostuma 

Qəbirstanlıqdan

Yer ala bilmədik,

Dedilər on il əvvəl

Ölsə idi ucuz yer

Tapılardı bəlkə...

Nə isə,..

Biz azərbaycanlılar

Qəribə adamlarıq!

-Elə bilirik ki,

Bakıdan başlayıb,

Bakıda da qurtarır

Bu ölkə.

12.07.06.

Anlaşılmazlıq

Dayanmışam

Pəncərnin arxasında,

Qafam elə dumanlanıb,..

Nədən belə

Pəncərənin o üzündə

-göy üzündə qərar tutan

Bir ulduza çox baxıram,

Nədən belə darıxıram...

Mən ki,

Axı qayğılardan

Yorğun düşən

Qadınımı ovutmalı,

Saçı qıvırcıq

Qızımı oynatmalı,

Ya dostuma zəng etməli,..

Evimdəki

Gərginliyi səngitməli...

Mənsə yalnız

Istəyirəm pəncərəmə

Yağış yağa,

Ürəyim partlasa belə

Mən ağlamaq bacarmıram

Istəyirəm pəncərəmdə

Şəkil çəkən

Damlalara baxam yalnız;

Istəyirəm yağış yağa,

Pəncərənin o üzündə

Qərar tutan qaranlığa,

Pəncərənin bu üzündə

Mürgüləyən səssizliyə

Yağış yağa istəyirəm.

... Bir yanımda 

Qayğılara əsir düşən

Gənc qadınım,

Bir yanımda

Qayğılardan uzaq olan

Körpə qızım,

Mənsə hələ

Pəncərəmə yağan yağışa baxıram,

Anlamıram,

Nədən ötrü,

Kimdən ötrü

Axı belə darıxıram...

21.09.06.

Sözün qalar

Yetiməmsə,..

Bu şəhərdə

Kimin qapısını döyüm?!

Nə kimsəyə gümanım var,

Nə iş yerim, nə də öyüm, 

On beş ildi yaşayıram

Vətənimin paytaxtında,

Adı mənim olan şəhər!

Hansı köşənə sığınım,

Könlümün sınıq  vaxtında...

...məmləkətin düsturu bu!

-adı şair olanların

Keyfi, damağı çağ olar,

Özü şair olanların

Sinəsində dağ olar!

...barış, şair könlüm barış!

Bu ağrılı dövranınla,

Keçər qəmlər ötüb keçər,

Ölməz, sözün qalar, amma...

 23.12.06.

 .......

 Silahın

ən doğru söz olsun,

sevgilim!

Vur məni yanlışlığımdan...

29.02.08.

 ........

 Son,..

Hər şeyə son!

Sevgiyə,

Sevən ürəyə son!

Sevənlər vətənində

Yerimiz olmadısa,

Yerimiz “qürbət” olsun!

21.03.08.

Görəsən neyləyərsən

Aradan illər ötüb,

Yaş üstə yaş gəlibdi,

Bəlkə də ömrümüzə

əbədi qış gəlibdi;

orda sən mənə həsrət,

burda mən sənə həsrət,

gözlərim gözlərinə

əlim əlinə həsrət...

nə qədər sualların

cavabı ürəyimdə,

səni atıb getməyin

əzabı ürəyimdə,

bilirəm daha məndən

özgə umacağın yox,

səbəbsiz atılmaqdı

səni öldürən ən çox;

desəm ki,..

sevməyirdim,

inanmazsan bilirəm,

bil ki, indi dha çox

səndən ötrü ölürəm!

Indi səndən uzaqda

Nə düşünürəm, bilsən!

Görəsən neyləyərsən,

Qarşında məni görsən...

03.04.08.

Gülməliyik

Nə şəhərimiz şəhərdi,

Nə kəndimiz kənd kimi,..

------------------------------

əsir olan torpaqlar da bir yana...

ölkəni bazar sanırıq,

bazarı dəlixana;

diktatora demokrat,

xalqa qoyun deyirik,

torpaqları uduzuruq,

buna oyun deyirik;

bizə göz nəyə gərəkmiş,

görsək də kor kimiyik,

yarımız quldurbaşı,

yarımız qul kimiyik;

əsgərlər Qarabağa

ağlamalı şeir yazır,

şairlərdə Bakıda

bir-birinə “səngər” qazır,

...həftəbaşı, aybaşı

Çıxardın meyxanəçini

Efirə, şeir deməyə:

- əsgərlərə örnək olsun,

torpağı azad etməkçün

“şeir”i necə “qazmalı”,

Şeiri necə deməli...

----------------------------

Vallah başa bəlayıq,

Gülməliyik, gülməli...

17.05.08.

Təbiət aşiqi

(professor Qara Mustafayevə)

Çiçək üstünə qonan

Kəpənəyi əzməyin,

Budaqları yamyaşıl

Ağacları kəsməyin,

Dənizi çirkləməyin,

Yolları daraltmayın,

Dimdiyində çöp tutan

Quşlara daş atmayın,

- ruhu sızlayar onun!

Bulaqlar oxuyanda

Dinləyin nəğməsini,

Qoruyun ana yurdun

Çayını, meşəsini,

Çəkin ciyərinizə

Meşənin nəfəsini,

Sevin dağ ətəyinin

Sapsarı nərgizini,

Qara bənövşəsini,

- keyfi saz olar onun!

Təbiət sevdasından

Ürəyi yamyaşıldı,

Qolları zirvə yolu,

Başı dağlar başıdı,

Sevgisinin, andının

Düzdü ən sadiqidi,..

Qadını da bilir ki, 

Təbiət aşiqidi!

Gün gələcək heyrətlə

Deyəcəklər adamlar:

- unudulmayacaqdır,

neçə ki, təbiət var!

...ağacların, quşların,

Dilini bilirdi o!

01.06.08

 Xatirəm

Bir ömürdü yaşayacaq mənimlə,

Ürəyimin başındadı xatirəm.

Çətindərə yaylağının döşündə,

Qartal qonan daşındadı xatirəm.

Gəlin qaya təslim olmaz qaladı,

Bu qalada onunla əhd bağladım,

Qara meşə yolundakı talada,

Yayra gölün qaşındadı xatirəm.

Soyuq bulaq dişimizin göynəyi,

Su atardım islanardı köynəyi,

Ötən illər dəyişsə də hər şeyi,

Yenə on beş yaşındadı xatirəm.

...Hərdən mənə əzab olub, dağ olub,

O, ölümsüz bir sevdadan doğulub!

13.06.08. 

Uşaq kimi

(professor Buludxan Xəlilova)

Səni seyr edirəm

Televizyondan

Həmsöhbətin uşaqlardı,

Danışırsan uşaqlarla

Şirin-şirin, uşaq kimi,

Xəyalın baş alıb gedir

Uzaqlara, uzaqlara,..

Lap özünü unutmusan,

Uşaqlığa qayıtmısan:

- Bulud, Bulud deyə-deyə

Kimsə səni səsləyir,

Futbola gedən uşaqlar

Həyətdə səni gözləyir,..

...oyun yaman ağır keçir

Qolunu sındırmısan,

Futboldan

Qolu qırıq qayıtmısan,

Kimsə duymasın deyə

Ağrıdan ağlamırsan,

Yenə sonda dərdini

Anana anladırsan...

Eh,.. uşaqlıq, uşaqlıq,

Uşaqlıq da – qayğılardan uzaqlıq,

Harda isə bir q ədər də azadlıq...

Sonra məktəb həyatından,

Tələbəlik illərindən

Danışırsan uşaqlara,

Görürəm uşaqların gözündəki istəyi,

Indi onlar necə də

Sənə bənzəmək istəyir...

Unudub bütün aləmi

Uşaqların arasında

Necə məsud görünürsən

Uşaq kimi...

24.02.12.

........

 Çatacağı ünvanına

Hərəni bir dərd aparır,

Sonda hər şey oyundusa,

Onu da namərd aparır...

10.01.09.

Tələsirik

Qışı da yola verdik, yaz da ötüb keçəcək,

Soyuqlar ötüşəcək, yay isti gətirəcək,

Durnaların qatarı payıza tələsəcək,

Bəs görəsən biz hara, biz hara tələsirik.

Yolların boyu uzun addımlarımız iti,

Bilmədik nə qazandıq, itən ömürdən itir,

Geriyə yol yoxdusa,.. düşünməmişik qəti

Əvvəldən kam almamış axıra tələsirik.

...Bir gün alış-verişdə, bir gün əkin-biçində,

Bir gün dediyimiz də elə bircə içimdi!

Bax beləcə gündəlik qayğıların içində,

Özümüzdən xəbərsiz məzara tələsirik.

Fevral 2009

 ............

(Azərin ruhuna)

...Hər dəfə

Şəhərdən kəndə gələndə,

Evinizin yanından

Ötüb keçəndə,

Bir vaxtlar bizi

Evimizdən məktəbə,

Məktəbdən evimizə

Aparan yollarda

Səni görməyəndə,Göz yaşımdan

Asılı qalıram

Uşaqlıq dostum!..

Evinizin yanında

Ayaq saxlayıram,

Səninl� � bağlı

Ağlımda qalanları

Xatırlayıram:

Son görüşümüzü də,

Nərd oynamağımızı,

O, qızdan danışmağımızı,

Kimya müəlliminin

Dərsində baş verənləri,..

Son gülüşümüzü də

Xatırlayıram...

...Xatırlayıram...

Illər ötüb keçir

Sən eləcə uşaq qalmısan

Mən sənsiz qocalıram

Uşaqlıq dostum!

...Həmişə deyəcəyin

Sözdən əvvəl,

Allaha ağır getməsin, deyərdin:

Allaha ağır getsə də,

27 yaş,

Ölüm yaşı deyildi, qardaş!

16.03.09.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az