Turqut Ərdən yeni açıqlama: “Ermənidən üzr istəyən türk tarix qarşısında cavab verəcək”
“Yeni Müsavat”ın son sayında Türkiyənin Azərbaycandakı səfirliyində bir neçə il mətbuat attaşesi olaraq çalışan Turqut Ərin Əkrəm Əylislinin son günlər geniş müzakirələrə səbəb olan “Daş yuxular” əsəri ilə bağlı açıqlaması dərc edilmişdi. Ötən gün redaksiya ilə əlaqə saxlayan Turqut Ər açıqlamasına sözardı vermək istədiyini bildirdi.
T.Ər sözardında Azərbaycan yazarını və mövcud hakimiyyətini sərt tənqid etməklə yanaşı, demokratik düşərgəyə bir sıra mesajlar verib: “Türklərin adından heç kim ermənilərdən üzr istəməməli, istəyənlərə də haqq qazandırmamalıdır. Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli ”Daş yuxular" romanını yazmaqla türk və müsəlman dünyasına qarşı bir suç işlədib. Bildiyimə görə, o, bu tarixi cinayəti 1989-cu ildən tətbiq etməyə başlayıb. O gündən bu günə qədər bu provakator insan əl üstündə tutulub. Türk və müsəlman dünyasını hədəf halına gətirən bu insan işlətdiyi cinayətlərə ziyalılıq donu geyindirməyə çalışıb, buna görə Azərbaycana son illər rəhbərlik edilən rejimin (bu məqamda Turqut Ər Əliyevlərin ünvanına ağır ifadələr işlədərək danışıb-red.) himayəsini qazanıb.
Əkrəm Əylislinin bu cinayəti təsadüfi deyil. Bu, düşünülərək, planlanaraq həyata keçirilmiş əməldir. Fikrimcə, bu cinayəti Azərbaycan rəhbərliyi şimal şərikləri ilə bərabər həyata keçirib. Baş verənlərin kökündə Azərbaycanın ərazi bütövlüyünü təhdid altına almaq, türk dünyasından, özəlliklə Türkiyədən ayrı salmaq istəyi, müsəlman dünyası ilə münasibətlərini gərginləşdirmək cəhdi dayanır. Maraqlıdır ki, bu cinayət Azərbaycandakı xalq kütlələrinin, antidemokratik hakimiyyətə qarşı etirazlarının kütləviləşdiyi bir dönəmdə baş verib. İnanıram ki, millətçi, vətənsevər, demokratik qüvvələr bu provokasiyaya uymayaraq onu bu totalitar hakimiyyətin əleyhinə bir prosesə çevirə biləcəklər. Onu müdafiə edənlər isə ən azı onun qədər cinayətkar sayılmalıdır. Türk müsəlman dünyası adına dünyanın harasına bir türk ermənidən üzr istəyəcəksə, o, tarix qarşısında cavab verməli olacaq. Milyonlarla müsəlman türk onları rusların himayəsində qətl edənləri, eləcə də ermənilərə haqq qazandırmağa çalışanları tarix boyu əfv etməz. Şəhidlərimiz də əfv etməz, yüz minlərlə şəhid övladları, yurd-yuvalarından şəhid düşərək, illərlə çadırlarda, palçıq daxmalarda yarıac-yarıtox yaşamağa məhkum edilən 1 milyon köçkün də əfv etməz.
Azərbaycan hakimiyyəti və onun şəriklərinin türk-müsəlman dünyasının müqəddəs milli davalarını planlı pozmağa çalışması onların hakimiyyətinin ömrünü uzatmayacaq. Ona görə də bu cür cinayətkar olaylar pislənməli, millətçi, demokratik güclər bu tələyə düşməməlidir. Bu provokasiyanın qaynağı dərhal tapılmalıdır. Çünki cinayətin miqyasının çox böyük olduğu bəllidir".