"Pulu düşünsəydim..."

"Pulu düşünsəydim..."

“Həyat yoldaşım və qızım Splitə 15 günlük gəliblər. Onların yanımda olması məni sevindirir”. Bu sözləri “Hayduk”un və Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanov deyib.

Xorvatiyanın “Naprid” jurnalı Ruslan və həyat yoldaşı Elnarə Qurbanovadan müsahibə götürüb.
23 yaşlı futbolçunun xanımı Split şəhərini çox bəyəndiyini, ancaq oranı tərk etmək məcburiyyətində olduğunu bildirib: “Spliti çox sevdim. Açığı, buranı tərk etmək istəməzdim. Ancaq qızım Milanla birgə viza məsələsinə görə getmək məcburiyyətindəyik. Ümid edirəm ki, yenə Splitə qayıdacağıq”.
Ruslanla ötən il ailə quran Elnarə Qurbanova Bakı və Split arasındakı fərqlərdən danışıb: “Azərbaycanda iqlim yaxşıdı. Orda dəniz var, daha çox günəşli hava olur. Bakı və Splitin yaşayış tərzi arasında böyük fərq var. Şəhərlərin gözəlliyi, insanlar, iqlim şəraiti, bir sözlə, hər şey bir-birindən fərqlənir”.
Xanımı kimi, Spliti çox bəyəndiyini deyən Ruslan orda özü və ailəsinə ev almaq istədiyini qeyd edib: “Əgər hər şey istədiyimiz kimi getsə, “Hayduk”da qalası olsam, Splitdə ev alacam. Bakıda evimiz var, istəyirəm ki, Splitdə də olsun. Açığı, bura təzə gələndə nə mən, nə də yoldaşım Splitin bu cür gözəl şəhər olduğunu düşünürdük. Görəndən sonra yaxşı mənada təəccübləndik. “Hayduk”da qalsam, yoldaşım və qızım üçün illik viza alacam”.
Karyerası ilə bağlı da danışan Qurbanov bildirib ki, onun üçün pul əsas deyil: “Hayduk”a təzə gələndə insiativi öz üzərimə götürə bilmirdim. Özümü göstərmək imkanım olanda zədələndim, əzələm dartıldı. Amma daha zədələr geridə qalıb və tam hazıram. “Hayduk”da qalmaq istərdim. Mən buranı tramplin kimi görürəm. “Hayduk”da özümü göstərməklə, Avropanın daha güclü çempionatlarına yolum açıla bilər. Pulu düşünsəydim, Azərbaycanda qalardım. Ancaq mənim arzum irəli addım atmaqdı. Ümid edirəm ki, 3-cü yeri tutub, Avrokuboka vəsiqə qazana biləcəyik. “Neftçi”nin heyətində Avrokubok təcrübəsi yaşamışam. Ötən il Avropa Liqasında Sloveniyanın “Koper” və Gürcüstanın “Çixura” klublarını keçmişdik. Sonda “Partizan” səddində ilişmişdik”.
Qeyd edək ki, transfer hüququ “Neftçi”yə məxsus olan Ruslan Qurbanov “Hayduk”da icarə əsasında çıxış edir.

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az