"Vəli Xramçaylı da 10-cu rumkadan sonra deyir ki, Qazağın ən böyük şairi mənəm"

"Vəli Xramçaylı da 10-cu rumkadan sonra deyir ki, Qazağın ən böyük şairi mənəm"

Əhməd Oruc

 

Ciddi məsələlər haqqında qeyri ciddi...

Xalqın şairini şübhə altına salan onun çoxsaylı oxucularını şübhə altına salmış oler!

Bir neçə gündür Sərdar Cəlaloğlunun açıqlamalarından dolayı baş verənlərə münasibət bildirmək fikrim yox idi. Amma, mənə məlumat verdilər ki, Qazaxlılar Sərdar bəyin “təslim olmasından” sonra bu ağır “döyüşdə” hansı qazaxlının özünü necə aparmasını müzakirə ediblər və bu döyüşdən “dizertirlik” edənlərə qarşı hücum gözlənir, kəşfiyyat taqımı bizim həndəvərdə də görünüb. Zarafat deyil, qalibiyyət çələngininin ətrindən sərməst olan o boyda şairlər ordusu yeni zəfərlər axtarır! Bu yaxında da rayona getməliyəm, gərək mövqe bildirəm!

Əvvala qeyd edim ki, Sərdar bəyin bu cür açıqlamalar verməsinin günahını mən İsa Qəmbərdə və jurnalistlərdə görürəm! Sərdar bəy artıq bir ilə yaxındır ki, İsa bəyin çıxışlarını “bombardman” edir, hətta onu cinayətdə (cinayəti bilib gizlətməkdə) suçladı. Amma İsa bəy bir söz belə cavab vermədi. İsa bəy cavab versəydi Sərdar bəy onunla döyüş cəbhəsini genişləndirərdi, nə Səməd Vurğun, nə də Həcər heç Sərdarın yadına düşməzdi.. İndi mənə elə gəlir ki, İsa bəy bilərəkdən, Sərdar bəyi təxribata çəkib....

Jurnalistlərin günahı ondadır ki, onlar Sərdar bəyi dayanıqlı vəziyyətdən çıxardılar və Sərdar bəyə elə gəldi ki, hamı İsa Qəmbərdir, get-gedə sürəti artırdı. Jurnalistlər də çəkdilər onu qandağın başına və üzüaşağı buraxdılar, indi də bir on gündür ki, Sərdar bəyin hesabına əməlli başlı qonarar alrlar. Bu jurnalistlər olmasaydı Sərdar bəy oturub rahatca “fəlsəfi əsərlər” yazırdı ki, onun da nə qorxusu, nə də oxucusu olasıydı...

 Qaldı Səməd Vurğun məsələsinə.

Əvvala qeyd edim ki, mənim fikrimcə şer, poyeziya dilin ekstaz, cəzv vəziyyətidir. Dilin ən uca, ən üstün halıdır. Məhz buna görə insanlar ən ağır, ən qəmli,ən xoşbəxt anlarında şer deyirlər, bayatı oxuyurlar, ağı söyləyirlər, eşqlərini şerlə ifadə edirlər, ana laylası qədər munis, şirin, səmimi, doğma, ilıq başqa hansısa səs varmı....( ədəbiyyatşünasların çörəyini əlindən almamaq üçün burda dayanıram.)

Səməd Vurğun şeriyyatı isə türk şerinin ən uca zirvəsidir. Məhz buna görədir ki, Səməd Vurğuna bu millətin sevgisi müqayisəolunmazdır! Səməd Vurğun başdan ayağa istedaddır. O nədən yazmağından asılı olmayaraq böyük şeriyyat yaradıb...Lap, partiyadan yazanda da...

 

 Bəşərin vicdanı eşqi, ürəyi,

 

 Zehni, düşüncəsi, fikri, diləyi,

 

 Bütün yer üzünün xoş gələcəyi,

 

 Hər zövqü, səfası ....

 

 Və ya eşqdən yazanda da ....

 

 Yenə qılıncını çəkdi üstümə,

 

 Qurbanı olduğum o ala gözlər,...

 

 və ya vətən sevgisi-

 

 El bilir ki, sən mənimsən ...

Bu pafos, bu ahəng, bu musiqi özgə harda var ki? Azərbaycan türkcəsini qaldırdığı bu zirvəyə görə bu dildə danışan, bu dilin musiqisini eşidən, duyan hər bir kəs Ona minətdar olmalıdır.

Səməd Vurğun şəxsiyyəti, poyeziyası haqda çox hörmət bəslədiyim İlyas İsmayılov çox gözəl bir yazı yazmışdı. Açığı o cür hərtərəfli, samballı yazı mənim yazmaq istədiklərimi tam ehtiva etdiyinə görə yazmadım.

Bu məsələyə Vaqif Səmədoğlunun Rəqsanə yanaşması onun səviyyəsinə uyğun deyildi, məni məyus etdi. Mən hesab etdim ki, bu hadisə Vaqif bəyi siyasətin “Moşusunu” yaratmağa sövq edər. Məsələyə Nəriman Həsənzadə, Nizami Cəfərov “ əsl qazaxlı kimi” ( baxmayaraq onlar ikisi də indi Akstafalıdır” yanaşdılar. Sakit, təmkinlə, saymazyana- bir sözlə - əsl türk kimi.

Yazıçılar İttifaqının Qazax Şairlər Birliyi əsl Moşu kimi yanaşdı: “Xalqın şairini şübhə altına salan onun çoxsaylı oxucularını şübhə altına salmış oler!” . Qazaxlılar adından bəyanat, yürüş, mitinq və s. (Hacıblanın gözündən uzaq.) Eşitdiyimə görə bu məsələ ilə bağlı bir neçə kənddə, o cümlədən bizim kənddə, Kəmərlidə-böyük iclaslar keçirilib. İclacların bədii hissəsində cox butulkaların xamırrı papağı boşda qalıb...

Yeri gəlmişkən, bir məsələni də bildirim, Səməd Vurğunun əleyhdarı yalnız Sərdar bəy deyil, Vəli Xramçaylı da 10-cu rumkadan sonra deyir ki, Qazağın ən böyük şairi mənəm! Bunu da biləsiz, a qazaxlılar!

Qaldı Sərdar bəyin davasının Qubadlılarla bağlı hissəsinə.

Əvvala hamıya bəllidir ki, ermənilərlə müharibə rayon-rayon aparılmır ki, deyək ki, bu rayon uddu, o biri rayon uduzdu. Azərbaycana qarşı bütün Ermənistan, erməni diasporu, onların bütün havadarları sistemli, planlı şəkildə müharibə aparır. Biz bu müharibəni dövlət olaraq, millət olaraq bütün gücümüzü vahid mərkəzdən, sistemli şəkildə ortaya qoysaq uda bilərik və inşallah bunu edəcəyik! Hamı bilsin ki, Azərbaycan bu müharibədə 30 minə qədər şəhid verib, onların yarıdan çoxu könüllülərdir. Bu müharibədə bütün azərbaycan oğulları, o cümlədən Qubadlılar da qəhramancasına döyüşüblər. Döyüşü ölkəni idarə edə bilməyən, səbatsız, savadsız, qorxaq, marionet rəhbərlər uduzub.

Bundan başqa, tarixi kimisə günahkar çıxarmaq üçün eşələmək qətiyyən yaxşı iş deyil. Azərbaycan ictimai fikrində Həcər öz həyat yoldaşı ilə birgə döyüşən qəhrəman bir qadın obrazıdır və burda pis heç nə yoxdur. Nəbi kasıblara, məzlumlara hakimiyyətin zülmlərinə qarşı döyüşən bir xalq qəhrəmanıdır. Məncə bu gün də, harın, xalqın qanını soran hakimiyyətə qarşı Nəbilərə ehtiyac var.

Təbii ki, məsələyə yanaşım müxtəlif ola bilər! Məsələn Avropalılar ücün Əmir Teymur bir zalım, bütün türklük üçün isə tarixin ən böyük sərkərdəsi, fatehidir! Salam olsun, böyk Əmirin ruhuna!

Qazaxlıların nəzərinə!

Bu yazıya qulp-zad qoysanız biləsiz ki, mən Qazaxlı deyiləm,İncəliyəm!

teleqraf.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az