“Ramiz Qəmbərov dedi ki, bizə nə olsa, azdır – T. Mehdiyev kimi generala dəstək vermədik..."

“Ramiz Qəmbərov dedi ki, bizə nə olsa, azdır – T. Mehdiyev kimi generala dəstək vermədik...
"Bunu Rəhim Qazıyevin məhkəməsində Şuşada tağım komandiri olmuş Nail Kazımov söylədi..."
"Daşaltıya bələdçi götürməyi isə bizə Şuşa rayon polis rəisi təkidlə təklif etdi...”

"Görün, nə qədər gülünc ittiham irəli sürürlər. Guya mən kiminsə sifarişini yerinə yetirib döyüşçülərimizi qəsdən ölümə göndərmişəm ki, xalq qəzəblənib hakimiyyətin üzərinə qalxsın... Bir düşünün, mən, Müdafiə naziri orada ola-ola, əməliyyatın başında dura-dura özümə necə quyu qaza bilərdim? Amma əksinə, mənim əleyhimə olan kampaniyanın məqsədi bu idi ki, bir daha hansısa general, hansısa

komandir  cürət edib ermənilərə qarşı hücum əməliyyatı keçirməsin...” 

Bunu Moderator.az-a növbəti açıqlamasında 1992-ci il yanvarın 25-26-da keçirilmiş  Daşaltı əməliyyatında guya "mənasız yerə” "onlarla oğlumuzun həlak olmasına” bais olması haqda artıq 29-cu ildir ki, meydana çıxan ittihamları növbəti dəfə cavablandıran sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev  söyləyib. 

General fikrinin davamında deyib:

"Təbliğat aparırdılar ki, Tacəddin Mehdiyevin hərbdən xəbəri yoxdur, savadsızdır-filandır. Bu minvalla şəhid və yaralı döyüşçülərin valideynlərini də üzərimə qaldırırdılar ki, bu yolla məni vəzifədən uzaqlaşdırsınlar.  Amma soruşan yox idi ki, Tacəddin Mehdiyevdən  başqa  bir nazir bilavasitə döyüş bölgəsində olub əməliyyata yerindəcə rəhbərlik edibmi? Hansısa nazirin 16 yaşlı oğlu atası ilə bərabər döyüşdə olubmu? Əsgərlərlə bir yerdə yeyib-içib, bir yerdə postda dayanıbmı?..”

Sabiq nazir Şuşada yerli özünümüdafiə dəstələri tərəfindən əməliyyata dəstək veriılmədiyini də qeyd edib:

"Bir məsələni də qeyd edim ki, Şuşadakı könüllülər tərəfindən də  bizə yetərincə dəstək olmadı... O  vaxt Şuşa özünümüdafiə taborunun komandiri rəhmətlik Ramiz Qəmbərova  dedim ki, tabor üzvlərini yığın sıraya,  onlarla görüş keçirək, söhbət edək. Cəmi 6-7 nəfər yığıldı. Halbuki, taborun siyahısında 300-dən çox döyüşçü vardı. Döyüş başlayan zaman isə onu çiynində avtomat görüb soruşdum ki, Ramiz, siz niyə yerli, ərazini yaxşı tanıyan  sakinlər kimi Daşaltı əməliyyatına dəstək vermirsiz. Cavab verdi ki, bizim öz planımız var, biz bu cür əməliyyatlara qatılmırıq. Təəssüf ki,  vaxtım olmadı o günlər Şuşada baş verənləri araşdırmağa ki, özünümüdafiə taborunun toplanmamasının əsas səbəbkarı kimlər olub. Amma sonradan çox şey aydın oldu...

Səhv etmirəmsə, Rəhim Qazıyevin məhkəməsi gedirdi. Hakim Ənvər Seyidov məni də dəvət etmişdi. Şuşada tağım komandiri olmuş Nail Kazımov öz ifadəsində Kosalar kəndində Ramiz Qənbərovun ona Daşaltı əməliyyatı və mənim barəmdə söylədiklərini açıqladı:  "Ağır döyüş gedirdi, ermənilər artıq kəndə yaxınlaşırdı.  Ramiz Qəmbərov əsəbi halda dedi ki, bizə nə olsa, azdır. Tacəddin Mehdiyev kimi vətənpərvər, savadlı bir generala dəstək vermədik ki,  Daşaltını azad etsin. Əksinə, Rəhimin sözünə qulaq asdıq... İndi də artıq  ölüm ayağındayıq və çıxış yolumuz yoxdur...”  

"Bələdçilər məsələsinə gələndə...  Onu düz deyirlər ki,  hərbi nizamnamədə mülki əhalidən bələdçi götürmək məsələsi yoxdur. Bu haqda mən məhkəmədə və telekanallardakı çıxışlarımda da demişəm. Əslində bizə heç bələdçi lazım deyildi, Şuşadan baxanda Daşaltı ovcumuzun içində idi.  Bələdçi götürməyi bizə əməliyyat zamanı şəhərdə təhlükəsizliyi təmin etmək, kənar adamların döyüş ərazisinə daxil olmasına imkan verməməsi məqsədi ilə dəvət etdiyimiz Şuşa rayon polis rəisi Vahid Bayramov təkidlə təklif etdi. Biz də ərazini tam yaxşı tanımadığımız üçün razılaşdıq. Bələdçilər isə bizim döyüşçüləri Daşaltına qısa yolla aparmaq əvəzinə, uzaq yolla- Kirs dağı istiqamətinə aparıb sonra  kəndə qaytardılar və nəticədə bizim dəstələrdən ikisi mühasirəyə düşdü və çox hissəsi döyüşdə həlak oldu. Məhkəmədə döyüşçülər danışırdı ki, biz irəli gedə-gedə  bələdçilərdən bəzilərinin odsaçan güllələrlə yerimizi düşmənə işarə verdiyi bəlli oldu.  Biz də xəyanətlərini görüb özümüz meşədə onları güllələməyə məcbur olduq... 

Bilirsiz, əslində biz Daşaltıda hərbçi kimi qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik, kəndin ərazisini ələ keçirdik.  Döyüş zamanı 80-ə yaxın erməni terrorçusunu gəbərtdik.  Bunu mediada çıxış edən bir çox döyüşçülər də təsdiqləyir. Sadəcə, xəyanət nəticəsində iki dəstəmizin mühasirəyə düşüb ciddi itki verməsi səbəbindən  geri çəkilməyə məcbur olduq... Və əslində hücum edən tərəf kimi bizim düşməndən azı 2-3 dəfə çox itki vermək ehtimalı vardı. Ancaq biz cəmi 23 nəfər itki verdik. Bu da döyüşçülərimizin yüksək vətənpərvərliyi və döyüş qabiliyyətindən irəli gəlirdi. Təəssüf ki, Daşaltı əməliyyatında iştirak edənlərin çoxuna layiqincə qiymət verilmədi... 

Onu da xatırladım ki, bu əməliyyatı tabor komandiri Nurəddin Abdullayev hazırlamışdı. O, bir ay öncə bir tağımla Daşaltıya girmişdi. N.Abdullayev kəndə bütün giriş-çıxış yollarını tanıdığından əməliyyatı hazırladı və mən də nazir kimi onu təsdiqlədim...

Bəziləri deyir ki,  Daşaltıya hücumdan öncə kəşfiyyat təşkil olunmamışdı. Bu da yalandır. Döyüşdən əvvəl kifayət qədər kəşfiyyat işləri aparılmışdı. Rəhmətlik Riad Əhmədov da öz dəstəsi ilə birgə kəşfiyyat da iştirak edibdir. Odur ki, əlimizdə düşmən, onun mövqeləri haqqında yetərincə informasiyalar var idi. Özü də biz  ermənilərə informasiya sızdırılmasından ehtiyat edərək əməliyyatı təyin olunmuş gündə yox, başqa gündə keçirdik. Sadəcə, dediyim kimi, xəyanət  qələbəmizi başa çatdırmağa imkan vermədi...” –deyə sabiq nazir vurğulayıb. 

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az