Rasimi kim öldürdü? - Tənzilə Rüstəmxanlıdan təsirli yazı
Günlərdir bu yazını yazmaq haqqında düşünürdüm.
Hadisə
baş verən gün balaca bir yazı yazdım, amma yayımlamadım. Daha doğrusu,
hadisəni bir az soyuqqanlı araşdırmaq istədim. İnanın ki, hər iki tərəfi
tanımıram, sadəcə mətbuatda yazılanlardan bilirəm və izləyirəm. Bir ata
sözü var bizdə. Deyir ki, "İmam üçün ağlayanda, bir az da Yezid üçün
ağla". Bu hadisədə sadəcə bir tərəf mühakimə edildi, mətbuatımız, sağ
olsun ortalığı elə bir vəlvələyə verdi ki, kimsə bu hadisənin
pərdəarxasına görmək istəmədi, olaya başqa acıdan baxmaq istəmədi.
Azərbaycan adına qazanılan və sözün əsil mənasında böyük qələbənin
üzərinə qanla və ölüm hadisəsiylə kölgə salındı. Söhbət "Qəbələ”
komandasının Kiprin yunan tərəfinin "Apollon” komandası üzərindəki
möhtəşəm qələbəsindən sonra baş verən hadisələrdən və bu hadisə sonunda
döyülən,sonra da xəstəxanada həkim etinasızlığının qurbanı olaraq
faciəli səkildə ölən fotoqraf Rasim Əliyevdən gedir. Bəri başdan deyim
ki, bu hadisə mənə çox pis təsir etmişdi, gənc bir insanın həyatı
söndürülmüşdü, ocağına atəş düşmüş, ana və atasının ürəyi dağlanmışdı,
əzizlərini itirən birisi olaraq onların acısını anlıyır və paylaşıram.
Ancaq bu hadisədə mənim anlaya bilmədiyim bəzi xüsüslar var ki, onu araşdırdım və sizlərlə onu paylaşacam.
Birinci kimdir bu "qudurğan” Cavid Hüseyinov?-deyə araşdırdığımda qarşıma çıxanlar bunlar oldu:
Atası
Abbasov Şakir Hüseyin oğlu 1955-ci ildə Cəbrayıl rayon Qaracallı
kəndində anadan olub.1993-cü ilin 28 dekabırda Ağdamda şəhid olub.
Atasının
bibisi oğlu, Allahvediyev Hikmət Əsəd oğlu.1965-ci il Qaracallı
kəndində anadan olub və 1992-ci ildə 28 iyunda Ağdərədə şəhid olub.
Atasının bibisi oğlu Quliyev Sahib İslam oğlu 1968 -ci ildə həmin kənddə ananadan olub və 15 avqust 1992-ci ildə şəhid olub.
Atasının
bibisi oğlu Mehtiyev Zaur Murad oğlu 1975-ci ildə Bakı şəhəri Binəqədi
rayonunda doğulub və 25 aprel 1994-cü ildə Tərtərdə şəhid olub.
Yenə Cavidin ailəsindən Əliyev Samir Qədir Oğlu 1978-ci ildə Qaracallıda doğulub, 1993-cü ilin 15 avqustda şəhid olub.
Bunları
sadalamaqda məqsədim heç də baş verən olaya haqq qazandırmaq deyil.
Sadəcə Cavidi tanımağınızı istədim. Ailəsindən bu qədər şəhid verən bir
insan heç vaxt birilərinin dediyi kimi, "qudurğan" ola bilməz,
olmamalıdır.
Mən heç də o fikirdə də deyiləm
ki, kiminsə suçu varsa, cəzalandırılmamalıdır. Lakin ortada başqa
oyunlar dönürsə, bu qətllə başqa hadisələrin üstü örtülməyə çalışılırsa,
susmamaq lazımdır. Nədən kimsə Kiprin yunan tərəfindəki oyun zamanında
baş verən hadisələrə diqqət yetirmir, ancaq o oyunda Cavidin məlum əl
hərəkəti qabardılır? Cavid o qədərmi tərbiyyədən yoxsul idi ki, onu
izləməyə gələnlərə qarşı onu edirdi? Təəssüf ki, içimizdəki türk
düşmənləri daim bizdən bir addım irəlidədirlər. Məhz onların səs-küyü
nəticəsində Kiprin yunan tərəfi mətbuatda "Yunan Kipri” kimi yalnış
təqdim olunmaqla qalmadı, türk düşmənlərinin həmin oyunda bayrağımızı
yandırmaları, futbolçularımıza su şişələri atmaları da "görməzdən
gəlindi”. Kimsə rumların bayrağımıza və bayraqlarımıza qarşı bu
tərbiyyəsizliyinə səsini çıxarmadı. Ancaq Cavidin sırf yunanlara inad
meydana Azərbaycan və Türkiyənin bayraqları ilə çıxması içimizdəki
"yunanlar"ı bərk narahat etdi.
Və son hər iki
gənc üçün acınacaqlı oldu. Bəlkə də Rasim xəstəxanadan sağ-salamat
çıxsaydı, özünün dostuna dediyi kimi Cavidlə dostlaşıb bərabər
"Panatinaikos” matçına yollanacaqdılar. Xəstəxanadakı görüntüləri də
göstərirdi ki, Rasim üç-beş özünü bilməzin hücumuna məruz qalsa da, ölüm
ondan uzaqdır. Ancaq ölüm maşınına çevrilən səhiyyəmiz daha bir gənci
əlimizdən aldı. Hər kəs Cavidi qınayır, ancaq kimsə geriyə baxıb,
həkimlərin məsuliyyətsizliyini görmək istəmir. Sanki bütün girişləri
qapadıb, daşqının ancaq Cavidin üzərindən keçilməsini istəyirlər. Heç
döyənlər bu qədər linç olunmur, Rasimə bir çırtma belə vurmayan, ona
görə döyüldüyünü eşidib, xəstəxanaya qaçan Cavid qatil kimi təqdim
olunur. Deyirlər ki, cinayəti bilib, gizlədib. Birincisi, Cavid bildiyi
zaman ortada ölüm hadisəsi yox idi, döyülmə faktoru vardı. Fərz edək ki,
elə ölüm faktoru var idi. Kim bu vaxta qədər cinayət işləmiş dostunu,
qohumunu polisə təhvil verib? Kimdə belə ürək var? Cavidi cinayəti bilib
gizlətməkdə ittiham edənlərin hansı öz qohumunun cinayətini bildiyi
zaman polisə şikayət edər? İnciməyin, hamımız azərbaycanlıyıq və mental
dəyərlərimiz hər zaman hüquqdan üstün olub və belə addım atana nə qədər
doğru addım atsa da, kimsə yaxşı baxmaz. O ki qaldı, beyni qanlı gənclər
ola...
Nə isə... Türkiyədə Hrant Dink küçənin
ortasında öldürüldü. Hər kəs onun qətli və qatili ilə məşğul olarkən,
biriləri Türkiyənin altına dinamitlər qoydu və partlatdı.
Nədənsə,
bu ölüm hadisəsi ilə o hadisə arasında çox bənzərliklər görürəm.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın idmana göstərdiyi qayğının müqabilində idmançılarla
bağlı bu kimi xoşagəlməz halların baş verməsi və hansısa məsuliyyətsiz
gənclərin qəbuledilməz hərəkətləri üzərindən idmana olan qayğının tənqid
olunması üzərində də dayanılmalıdır. Sanki gözəgörünməz bir əl dirijor
çubuğu ilə media və ictimaiyyəti tamamilə yanlış tərəfə yönləndirir.
Medianı anlayıram, həmkarlarını itiriblər və yaralıdırlar. Çalışaq
acımızdan birilərinin istifadəsinə imkan verməyək. Allah Rasimə rəhmət
etsin, yaxınlarına səbr versin, günahsızsa Şəhid oğlu Cavidin qapısını
açsın ki,Qarabağ uğrunda canını fəda etmiş atasının ruhu rahat uyusun və
Azərbaycanımızı qorusun! Amin!