Rayon icra hakimiyyətləri ləğv olunur? - Deputatdan açıqlama
Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil.
Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onların əvəzinə vilayətlərin yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
Bu fikirlərin fərziyə olduğunu deyən deputat həmin məsələlərin ölkə prezidentinin səlahiyyətinə aid olduğunu qeyd edib: "Əminəm ki, Prezident İlham Əliyevin atacağı bütün addımlar Azərbaycan dövlətinin maraqlarına, dövlətin idarəçiliyində çevik və operativ bir modelin yaranmasına xidmət edəcək və bunun bəhrəsini də xalqımız və dövlətimiz görəcək”.
Hazırda yerli icra hakimiyyətlərinin idarəedilməsi sahəsində problemlərin olub-olmamasına gəldikdə, Ç.Qənizadə deyib ki, icra hakimiyyəti başçıları Prezidentin yerlərdəki nümayəndələridirlər.
Deputatın sözlərinə görə, bütün icra hakimiyyəti strukturundakı iş qaydasını, fəaliyyəti neqativ olaraq qəbul etmək olmaz : "İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik "dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir”.
Rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi, əvəzində vilayətlərin yaradılacağı ilə bağlı məlumatı ilk olaraq istiqlal.az saytı yayıb.
Etibarlı mənbədən istiqlal.az-a verilən məlumata görə, sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilir. İdarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur.
Mənbənin məlumatına görə, idarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir: "Hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı) Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur".
"Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq"-deyə mənbə bildirmişdi.
Miq.az